MƏNALI İNKİŞAF YOLU
Azərbaycan milli mətbuatının əsası öz dövrünün görkəmli ziyalısı olan Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub. Bu mətbu orqan xalqımızın maariflənməsində, milli və bəşəri ideyaların təbliğində müstəsna rol oynayıb. Qəzetin əsas məqsədi xalq arasında cəhaləti aradan qaldırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək olub.
“Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində onun 56 nömrəsi işıq üzü görmüşdü. Qəzetin nəşrinə qadağa qoyulmasına əsas səbəb kimi Rusiya-Türkiyə müharibəsinin başlanması və qəzetin siyasi mövzulara da toxunması olub.
“Əkinçi” qəzeti bağlansa da, onun Azərbaycan cəmiyyətində səpdiyi toxumlar cücərməyə başlayıb. XX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül (1880), “Kaspi (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı.
XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M.Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və baş-qaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar. Bu dövrdə “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik, milli ruhlu qəzetlər meydana çıxıb.
Sovet hakimiyyəti illərində mətbuat üzərində ciddi senzura qoyulsa da, Azərbaycan mətbuatı yenə də öz milli varlığını qoruyub saxlaya bilib.
Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra, digər sahələr kimi, mətbuatın da inkişafında yeni dövr başlayıb. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün–22 iyul Azərbaycan Jurnalistikası Günü elan edilib. Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və Mətbuat haqqında Qanun qəbul olunub. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyasında söz, azad məlumat toplamaq azad-lıqları və digər azadlıqlar möhkəmləndirilib.
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması milli mətbuatımızın inkişafına yeni təkan verib.
Fondun keçirdiyi fərdi jurnalist yazı müsabiqələri hər bir jurnalistə öz yaradıcılığına daha məsuliyyətlə yanaşmağa kömək edir, həmçinin vətənpərvərlik hisslərinin aşılanmasında, milli nailiyyətlərimizin təbliğində müstəsna rol oynayır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında KİV nümayəndələrinin pulsuz mənzillərlə təmin olunması, onların dövlətimizin ən yüksək mükafatlarına layiq görülməsi respublikamızda mətbuata və onu təmsil edən insanlara dövlət qayğısının nümunəsidir.
Azərbaycan mətbuatının bir qolu kimi ötən əsrin 30-cu illərindən başlayaraq formalaşmış rayon qəzetləri bu gün də öz fəaliyyətlərini davam etdirir. Müəyyən maddi çətinliklərə baxmayaraq, rayon qəzetləri müasir informasiya bolluğu şəraitində öz vəzifələrini layiqincə yerinə yetirərək, xalqımızın əldə etdiyi nailiyyətlərin təbliğində, milli adət-ənənələrimizin yaşadılmasında, gənc nəslin vətənpərvərlik tərbiyəsində çox iş görür.
Svetlana Bağırova