Rayonumuzda son dövrlərdə qazılan subartezian quyularının biri də bizim Ələsgərli kəndinin “13 hektar” deyilən ərazisindədir. Subartezian quyusunun suyundan fermerlər Cəmil Novruzov, Kamil Quliyev, Əbil Əliyev, Xəlil Əhmədov və başqaları istifadə edirlər. Onlar taxıl, soğan, kartof, pamidor, pambıq və digər kənd təsərrüfatı və bostan bitkiləri əkib becərirlər.
Bu günlər fermer Cəmil Novruzov 4 hektar taxıl sahəsində biçini başa çatdırıb. Zəmilər vaxtlı-vaxtında və keyfiyyətlə suvarıldığına görə hər hektardan 40 sentner buğda götürülüb.
Qonşu fermerlər də kənd təsərrüfatı və bostan bitkilərini normal becərdikləri üçün sahələrdə bol məhsul hasilə gəlib. Yeni subartezian quyusunun vurulması fermerlərin işə olan həvəsini artırıb.
Kamran Əhmədov,
Ələsgərli kənd İƏD üzrə icra nümayəndəsi