REDAKSİYAYA “HÜCUM”
“Bala Kirpi” “Yeni Tərtər” qəzetinin redaksiyasına gəldi. Gördü ki, hamının üz-gözündən zəhrimar yağır, baş redaktorun da səsi həmişəki kimi binanı “silkələyir”:
–A kişilər, belə də iş olar?! Biz “şapalaqla üz qızardıb”qəzet çıxardırıq, amma bəziləri elə bilir ki, kef çəkirik. Ordan Dövlət Əmlak Komitəsi üstümüzü kəsib ki, çıxın redaksiyanızın binasından, bu bina bizimdir və onu hərraca qoymuşuq. Başa da sala bilmirik ki, axı, bu bina redaksiyanın “dədə-baba” binası olub, sonra rayon statistika idarəsi bura sahib çıxıb. İndi yenə qayıtmışıq öz ocağımıza. Bə nə baş verdi ki, bina sizin oldu?
–Hətərən-pətərən danışmayın, çıxmalısınız, bina bizimdir, vəssəlam!
O biri yandan rayon sukanal idarəsinin rəisi Elnur Abbasov 6 aydan çoxdur ki, redaksiyanın qarşısına çəkilmiş suyu bağlatdı-rıb ki, sayğaca 270 manat, texniki şərt alınmasına 300 manat pul verməsəniz, suyunuz gəlməyəcək!
Başa salmaq olmur ki, bu krantın suyu əvvəllər texniki şərtsiz zadsız daimi gəlib. İndi həm də binamızı əlimizdən alıblar, o biri yandan da elə maddi imkanımız yoxdur, susuz bəs necə yaşayaq?!
O isə deyir:
–Bunların mənə heç bir dəxli yoxdur!
“Bala Kirpi” bu sözləri eşidəndən sonra baş redaktorun iş otağının qapısını döyüb, içəri girdi və soruşdu:
–Nə olub? Niyə əsəbləşmisiniz?
Baş redaktor yenə səsini yüksəltdi:
–Ay “Bala Kirpi” qağa, bəs indi biz nə edək?! Hələ bunlar azmış kimi, Tərtər Elektrik Şəbəkəsinin rəisi Zülfü Salahov üstümüzə tez-tez “şanlı məktub” göndərib xəbərdarlıq edir ki, sizin 3764 manat borcunuz var, onu ödəyin, əks-təqdirdə müəssisənizə elektrik enerjisinin verilişi dayandırılacaq.
Başa salmaq olmur ki, ay işığın yiyəsi, vallah-billah, “Yeni Tərtər” qəzeti anadan olandan hər ay işığın pulunu vaxtında və sanılı qoz kimi ödəyib. Bu qəzet, yeni hüquqi şəxs kimi 2005-ci ilin avqust ayında yaranıb. Ondan əvvəl rayon qəzeti 7 il çıxmayıb, yəni redaksiya 7 il fəaliyyət göstərməyib. Ondan əvvəl də, yəni 20-30 il qabaq kimin-kimə nə qədər borcu olub, bizə nə? “Yeni Tərtər” qəzetinin redaksiyası işə başlayanda əvvəlkilərdən heç bir kibrit çöpü də ona miras qalmayıb ki, bu borc onun üstünə yazılsın. Axı, o redaksiyaların bazaları qalmamışdı ki, onun əsasında yaranaq. Kimə deyirsən?
Bu biri tərəfdən, a “Bala Kirpi”, Tərtər Qaz İstismarı Sahəsinin rəisi Müxlis Əmirov beş gündən bir adam göndərir ki, ya binaya qaz çəkilişi üçün layihə hazırlatdırın, ya da qazınızı kəsəcəyik. Təzə sayğac alın, yoxsa müəssisəyə qazın verilişi dayandırılacaq. Redaksiyanın 30-40 il bundan əvvəlki borcunu ödəyin, yoxsa qazsız qalacaqsınız!…
Başa da salmaq olmur ki, bu binanın yarım əsrdən çoxdur ki, qaz xətti var və o vaxtdan da istifadə olunur, yeni layihə nəyə lazımdır ki? Qaz sayğacımız saat kimi işləyir, təzə sayğac alıb ana-bala eləməyəcəyik ki? “Yeni Tərtər” qəzeti redaksiyasının sizə 1 manat da olsun borcu yoxdur. Kimin sizə borcu qalıb, gedin ondan istəyin. Üstəgəl, binanı Əmlak Komitəsi redaksiyanın əlindən alıb, daha bizim deyil. Kimdir eşidən ki?
Ay “Bala Kirpi”, bu bədbəxt “Yeni Tərtər” qəzeti abunə hesabına birtəhər yaşayır. Rayon icra hakimiyətinin köməyi ilə fəaliyyət göstərir. Çap xərcinin, kommunal xərclərin, icbari sığortanın və digər tutulmaların kəllə-çarxa qalxdığı bir zamanda biz camaatın hesabına rayon qəzetini yaşadaq, yoxsa üstümüzə gələn bu “Şəlib yürüşü”nə tab gətirək? Axı, hələ Ulu Öndərin prezidentliyi dövründə 6 mart 2000-ci il tarixli Sərəncamla təsdiq olunmuş Tədbirlər Proqramında və ondan sonrakı sənədlərdə kütləvi informasiya vasitələrinə köməklik göstərmək və güzəştlər etmək haqqında göstərişlər var. Bu strukturların köməyi bir yana, barı “ayağımızdan dartmasınlar”. Onu da qeyd edim ki, nə qaz istismar sahəsi, nə rayon elektrik şəbəkəsi, nə də əmlak komitəsinin yerli təmsilçiləri, ümumiyyətlə, “Yeni Tərtər” qəzetinə illərdir ki, 1 nüxsə də olsun abunə yazılmırlar.
“Bala Kirpi”nin deməyə sözü yox idi. Ona görə də kefi lap pozuldu və baş redaktorun otağından bayıra çıxdı. Asfalt yolu fikirli keçdiyindən bir “xalturşik” az qala onu vuracaqdı…