“Bala Kirpi” özünü zorla bu təhlükədən xilas edib, üz tutdu şəhərin küçələrinə. Hara baxdısa, gördü ki, yollarda maşın əlindən tərpənmək mümkün deyil. Elə bil bu rayonda “yol polisi” deyilən heç kim yoxdur. Kim nə cür istəyir, harda istəyir, lap yolun ortasında belə, maşınını park edir, saxlayır, heç bir yol hərəkəti qaydasını vecinə almır. Bu barədə söz deyənləri isə biabır edib, hörmətdən salırlar. Nə adam maşını sayır, nə maşın adamı, nə də maşın maşını. Deyən də yoxdur ki, a lotu, lisenziyan yoxdur olmasın, maşınını harda lazımdır orda saxla da, niyə qaydaları pozursan? Niyə hər an qəza şəraiti yaradırsan? Adamların üstünə niyə maşın sürürsən? Utanmırsanmı?!
Şəhərin bəzi küçələrində elə əvvəllər olduğu kimi, yenə də bir qarışıqlıq, bir basa-bas var ki, “it yiyəsini tanımır”. Marşrut mikro avtobusları və “1 manatlıq xalturşiklər” düz işıq-forun altında, döngənin üstündə dayanıb. “kliyent” gözləyirlər. Bunların ucbatından irəlidən, geridən gələn nə maşını görə bilirsən, nə də adamı. Kimdir işıqforu vecinə alan-–nə piyadalar, nə sürücülər, nə də “QAİ”şniklər.
“Bala Kirpi” suya düşmüş siçovul kimi əsə-əsə geri qayıtdı. Neyləyəydi ki?
Qələmə aldı: Tofiq Yusif