Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyl

    RAYONUMUZUN TARİXİNİ ƏKS ETDİRƏN ZƏNGİN MƏKAN

    новый-1Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub. Ölkəmizdə neçə-neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərindən indiyə qədər erməni işğalçıları tərəfindən qarət olunur və dağıdılır.
    Tərtər rayon Tarix-Diyarşünaslıq Muzeyi ilk dəfə 1982-ci ildə şəhər mədəniyyət evinin 1 kiçik otağında işə başlayıb. Müdiri Allahyar Musayev, işçisi Zəminə Kazımova olub. Onlar kəndbəkənd gəzərək qədim əşyaları toplayıb yığırdılar. Bir neçə ildən sonra isə muzey oradan köçürülüb, Tərtər Cümə Məscidinin 1-ci mərtəbəsində, 3 ildən sonra isə 2-ci mərtəbəsində fəaliyyətini davam etdirib. Uzun müddətdən sonra Tərtər şəhər Uşaq Musiqi Məktəbinin 1-ci mərtəbəsində 2 darısqal otaqda yerləşdirilib.
    Rayon ziyalılarının, məktəb, mədəniyyət, bələdiyyə işçilərinin səyi nəticəsində onun fondu zənginləşdirilib. 2015-ci ildə 1500 eksponat vardısa, 2017-ci ildə bunların sayı 2000-ə yaxın olub. Rayonumuzun qocaman müəllimi və hamımızın şairə kimi tanıdığımız Nübar Mədətli tərəfindən muzeyə gözəl bir xalça, Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun çoxlu şəxsi əşyaları və ona aid olan çoxlu şəkillər təhvil verilib. Muzeyimizdə ilk tunc və dəmir dövrünə aid II-III minillikləri özündə əks etdirən bir çox nadir eksponatlar, Borsunlu kəndində 1981-ci ildə arxeoloji qazıntılar zamanı tapılmış tunc nizə ucluğu və muncuqlar, saxsı küplər, antik dörvə aid qazan, boşqab və s. toplanıb qayğı ilə qorunur. Şəhər və kənd məktəb kollektivləri tərəfindən könüllü olaraq toplanmış əşyalar hədiyyə olaraq muzeyimizə təqdim olunub.
    Muzey yeddi bölmədən ibarətdir: rəssamlıq, heykəltəraşlıq, nəqqaşlıq, təsviri incəsənət, arxeoloji qazıntı, memarlıq abidələri, foto montajlar.
    Hal-hazırda rayon mərkəzində Prezident İlham Əliyevin diqqət və qayğısı ilə tarix-diyarşünaslıq muzeyi üçün müasir üslubda ikimərtəbəli bina tikilib. Burada son ta-mamlama işləri gedir. Düşünürəm ki, əzəmətli binanın açılışından sonra bura rayon sakinlərinin və eləcə də rayonumuza gələn turistlərin ziyarət edə biləcəyi bir məkana çevriləcək.

    Aybəniz Məmmədova,
    Tərtər Tarix-Diyarşünaslıq Muzeyinin müdir əvəzi

    Müəllif: Redaktor, 09:54

    Teqlər:

İsmarıclar bağlıdır.