“Hər müharibədə əzizlərimi itirmişəm”, – deyir Mahı ana. “Gözümü açandan, həyatı dərk edəndən ermənilərin biz azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin şahidi olmuşam”.
O söyləyir ki, zaman-zaman ermənilərlə müharibədə dayısı, xalaları, əmiləri və digər qohumları şəhid olub. Bu hadisələr ailənin yaddaşına elə hopub ki, kiçikdən tutmuş böyüyə kimi hər kəs inti-qam hissi ilə yaşayıb.
Ona görə də ötən əsrin sonlarında düşmən yenidən baş qaldırıb bizə qarşı torpaq iddiaları ilə çıxış edəndə, Mahı ananın ailəsindəki 10 övladın hamısı mübarizə aparmağa hazır idi.
İlk olaraq ailədən döyüşlərə qatılan Vəzir oldu. O illərdə Vəzir artıq texnikum bitirmişdi, ailəli idi, Arxangelskdə yaşayırdı. Rahat həyatını atıb, ailəsini də götürüb vətənin müdafiəsinə tələsdi.
O, rayona gələn gündən Tərtər özünümüdafiə batalyonuna daxil oldu. Vəziri əlində silah evə qayıdan görəndə, Mahı ana həm qürur hissi keçirdi, həm də xəyal onu ötən illərə apardı…
Qərbi Azərbaycandan deportasiya olunduqlarını, Xoruzlu kəndində məs-kunlaşdıqlarını, ailə qurduğu günləri xatırladı. O, həyatda hər şeyə çox böyük zəhmət nəticəsində nail olmuşdu. Gündüzlər kolxozun fermasında, pambıq tarlalarında çalışıb, işdən sonra o dövrün ağır məişət qayğılarının, övlad tərbiyəsinin öhdəsindən layiqincə gəlmişdir.
Mahı ananın adı o zamankı qəzet səhifələrində tez-tez çəkilirdi, qabaqcıl əmək adamı bir-birinin ardınca yüksək dövlət mükafatlarına layiq görülürdü.
Bütün bunları xatırlayan ana belə qənaətə gəldi ki, həyatda qazan-dıqlarının hamısı onun üçün əziz olsa da, ən böyük mükafatı Vətənin müdafiəsinə qalxan oğuldur. Bu da onun ailə tərbiyəsinin, ana öyüdünün nəticəsidir.
Əfsanəvi döyüşçü Vəzir Orucovun anası haqqında məqalə yazmağa hazırlaşarkən, redaksiyamızın arxivində Mahı ananın bir şəklinə rast gəldim. Fotomüxbirimiz Kənan Hüseynzadə bu şəkli rayon tədbirlərinin birində çəkmişdir.
Bu şəkildə ananın gözləri ilə yanaşı üzündəki cizgilərin hər biri keçirdiyi iztirablardan, yaşadığı faciələrdən danışır. Eyni zamanda hiss olunur ki, bütün görkəmindən məğrurluq yağan bu qadın qəhrəmanlar anasıdır. Dəfələrlə döyüşlərdə yaralanıb, geri çəkilməyən, yenidən daha böyük cəsarətlə düşmən üzərinə hücuma keçən Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anası.
Vəzirdən sonra ikinci oğul Əliyar da erməni faşistləri ilə mübarizədə iştirak edib, dəfələrlə yaralandı. Aldığı yaralar nəti-cəsində dünyasını dəyişdi.
Bu il Mahı Orucovanın 95 yaşı tamam oldu. Bir əsrə yaxın ömürdə yaşananlar isə bir neçə əsrə bərabərdir. Gələcək nəsillər onun övladlarının hünər dolu həyatını öyrənəcək və daim qəhrəmanlardan nümunə götürəcəklər.
Svetlana Bağırova