“VƏTƏN NAMİNƏ” MEDALI VƏTƏNİ CANINDAN ARTIQ SEVƏN İNSANA TƏQDİM OLUNDU
Bu insan Umudlu kənd tam orta məktəbinin direktoru Zabil Zeynalovdur. Uzun illər Vətəninin hər daşının, hər ağacının, cığırının həsrəti ilə yaşayan Zabil müəllimin həyatda yeganə təsəllisi var: doğma Umudlunun düşmənlərdən müdafiəsində o, əlindən gələni əsirgəməyib, son məqamadək vuruşub. Lakin, görünür, məcburi köçkünlük həyatı onun alın yazısıymış və bu qismətdən qaçmaq mümkün olmayıb…
Zabil Zeynalov 1988-ci ildən 1992-ci ilədək–münaqişə başlayandan Umudlu düşmən əlinə keçən günədək kənd özünümüdafiə dəstəsinin komandiri olub. Həmin illər ərzində, özünün kiçik dəstəsilə gecə-gündüz yatmayıb, dörd tərəfdən ermənilərin əhatəsində olan canından artıq sevdiyi Umudlunu göz bəbəyi kimi qoruyub. Bu məqsədlə bütün vasitələrdən istifadə edərək döyüşçülərinə silah-sursat alıb gətirib. Zabil müəllim o zaman Tərtər Elek-tromexanika Zavodunun direktoru işləyən Rauf Həsənzadənin onlara dörd ədəd minomyot verdiyini indi də sonsuz minnətdarlıq hissi ilə xatırlayır.
Yaddaşında qalan digər unudulmaz hadisələrdən biri də 1992-ci ildə Dağlıq Qarabağın Azərbaycan icmasının tərkibində Moskvada Rusiyanın xarici işlər nazirliyində erməni icmasının nümayəndələri ilə keçirilən görüşdür. Zabil müəllim deyir ki, nümayəndə heyətinin tərkibində olan Rasim Musabəyov (hazırda millət vəkilidir) Dağlıq Qarabağın Azərbaycanın əzəli, tarixi torpağı olduğunu elə tutarlı dəlil və sübutlarla ermənilərə çatdırmışdır ki, onlar deməyə söz tapmamışdılar.
Zabil Zeynalovun doğma yurduna olan məhəbbətinin ölçüsü yoxdur. Uzun illər onun rəhbərlik etdiyi tam orta məktəbin bu gün də Umudlu adını yaşatması da bu sevgidən doğur.
Deyirlər ki, sonda ölən ümiddir. Bu gün Umudlunun mehriban və nisgilli sakinləri də, Umudlu məktəbi də yaşayırsa, deməli, o kəndlə görüş uzaqda deyil. Bu gün mütləq gələcək!
“Vətən naminə” medalına layiq görülməyiniz münasibəti ilə sizi “Yeni Tərtər”in kollektivi adından ürəkdən təbrik edirik, Zabil müəllim! Arzumuz budur ki, işğaldan azad olunmuş Umudluda sizin yaradıcılıq gecəniz keçirilsin, yenidən o torpağa, o dağlara, meşələrə həsr olunmuş şeirləriniz səslənsin. Bundan sonra da vətən naminə neçə-neçə uğurlu, unudulmaz illər yaşayasınız.
Svetlana Bilalqızı