Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyl

    ŞƏHİDİN ÖMRÜ KİMİ YAS MƏRASİMİ DƏ YARIMÇIQ QALDI

    0305023 iyul 1993-cü ildə birinci Qarabağ müharibəsinin ən genişmiqyaslı əməliyyatlarından biri baş verib. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan sonra ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki korpusu Ağdam istiqamətində əməliyyata başlayır. Minlərlə sayı olan erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın Milli Ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır.
    Amerikanın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ATƏT-in Minsk qrupunun həmsədri olduğu dövrdə işğal altında olan Ağdamı görərək dəhşətə gəldiyini deyir: “Ağdamda gördüklərim məni dəhşətə gətirdi. Böyük bir şəhər xarabazarlığa çevrilmişdi. Mən polyakam. Ağdamın işğalı mənə İkinci Dünya müharibəsində Varşavanın düşdüyü günü xatırlatdı. Faşistlər Varşavanı darmadağın etmişdilər”.

    Ağdamın Qiyaslı kəndindən olan Cahid Məmmədov deyir ki, həmin günləri xatırlamaq onların ailəsi üçün ikiqat çətindir. Rayonun ermənilər tərəfindən işğal edilməsindən bir həftə əvvəl o zaman Tərtər Rayon Polis Şöbəsində işləyən qardaşı Zahid şəhid olmuşdu.
    Qiyaslı kəndi mütəmadi olaraq düşmən tərəfindən atəşə tutulsa da, onların doğma ocağına yüzlərlə insan gələrək ailəyə başsağlığı verirdi. 3 və 7 mərasimləri keçirilmişdi. İlk cümə axşamı idi. Qadınlar sübh tezdən duraraq iri qazanları ocağın üstünə qoymuşdular. Bilirdilər ki, yenə də qonaqları çox olacaq.
    Ağdamda polis şöbəsində işləyən və daimi olaraq postlarda dayanan kiçik qardaş Qiyasın həyacanlı halda evə qayıtması hamını təşvişə saldı. Qiyas anasını, bacılarını və qardaşının həyat yoldaşını görüb, özünü hönkürtü ilə ağlamaqdan güclə saxladı. Elin adətinə uyğun olaraq, gözüyaşlı bu qadınlar yas mərasimini keçirməklə sevdikləri insan qarşısında öz borclarını yerinə yetirir və sanki bununla təskinlik tapırdılar.
    Gətirdiyi bəd xəbəri qadınlara deməyə onun dili gəlmədi. Qardaşı Cahidə yaxınlaşıb, mümkün qədər sakit tərzdə vəziyyəti ona bildirdi. Dedi ki, ermənilər artıq qonşu kəndlərə giriblər. Bizim əsgərlər Ağdamı tərk ediblər. Bir azdan düşmən burda olacaq. Ləngimək təhlükəlidir. Qadınları çıxarmaq lazımdır ki, əsir düşməsinlər.
    Bundan sonrakı müsibət Zahidin dəfn günündən də ağır idi. Heç kim yerindən tərpənmək istəmirdi. Nəhayət, Qiyas silahı çıxarıb dedi:
    – Bizim iki yolumuz qalıb. Ya getməlisiniz, ya da biz qardaşlar öz əlimizlə həyatımıza son qoymalıyıq.
    Bu zaman Zahidin həyat yol-daşı Pərzad tir-tir əsən iki körpəsinin əlindən tutaraq qaynanasına yaxınlaşıb, dedi:
    – Gedək, ana! Zahidin ruhu bizdən inciməz. Biz öz namusumuzu, öz balalarımızı qorumalıyıq. Gün gələcək, yenə də doğma yurdumuza qayıdacağıq.
    İndi şəhid Zahid Məmmədovun hər iki övladı böyüyüb, ali təhsil alıblar. Geniş dünyagörüşünə və savada malik olan bu gənclərin həyatda ən çox sevdikləri bir nağıl var: Pakizə nənələrinin Ağdamın Qiyaslı kəndi haqqında danışdığı nağıl. Ən böyük arzuları isə bu kəndi, oradakı ata ocağını və şəhid məzarlarını ziyarət etməkdir.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 11:30

    Teqlər:

İsmarıclar bağlıdır.