Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində apa-rılan quruculuq işləri hər yerdə geniş vüsət alıb. Elə bizimTərtər rayonu da bu inkişafın bariz nümunəsidir. Görülmüş tikinti, abadlıq işləri şəhərimizin simasını gündən-günə dəyişdirib, gözəlləşdirir. Bu gözəlliyi qoruyub saxlayan zəhmət adamları sırasında kommunal müəssisələri kombinatının fəhlə və süpürgəçiləri də var. Bu zəhmət adamlarını hər gün iş başında görmək olur. Müəssisənin mühəndisi Adil Əhmədova belə sadə peşə sahiblərinin bir nümayəndəsi haqqında yazmaq istədiyimi bildirdim. Mühəndis bu insanların hər birinin zəhmətini dəyərləndirərək Hürü Meydanovadan yazmağı məsləhət bildi.
Bu zəhmət adamı gülümsünərək öz işindən söz açdı: “Ay qadan alım, mənim işimin nəyindən yazacaqsan? Sadə bir süpürgəçiyəm. Amma elə bilmə ki, mən işimi sevmirəm. Hamı kimi mən də çörək pulumu qazandığım işimdə çox ürəklə çalışıram. Mənə tapşırılan işin məsuliyyətini dərk edirəm. Təmizliyinə baxdığım yolla tez-tez qonaqlar gəlib-gedir. Düşünürəm ki, onlarda şəhərimiz haqqında ilk təəssürat elə keçdikləri küçədən, yoldan başlayır.
Bu sadə peşədə çalışan qadınla söhbət etdikcə ürəyimdə ona qarşı hörmətim artdı. Harda çalışmasından asılı olmaya-raq hər bir insanda işinə qarşı məsuliyyət hissi olmalıdır. Hürü Meydanovanı çalışdığı kollektivdə hamı nümunəvi bir işçi kimi tanıyır və ona hörmət edir. Hürü özü isə ona göstərilən bu qayğıya böyük dəyər verərək öz işində daha məsuliyyətlə çalışır.
Elfuzə Camalqızı