Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə Tərtər rayonunda tədbir keçirildi. Əvvəlcə rayonun dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoydular, onun xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını bayram münasibəti ilə təbrik etdi. Bildirdi ki, 23 iyun dövlət qulluqçularının peçə bayramı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib.
Müstəqil respublikamızın hər yerində olduğu kimi neçə illərdir ki, rayonumuzda da dövlət qulluqçularının peşə bayramı təntənə ilə qeyd olunur. Bu əlamətdar tarix dövlət qulluqçularının cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir.
İcra başçısı sonra bildirdi ki, rayonumuzun ayrı-ayrı müəssisələrində 262 nəfər dövlət qulluqçusu işləyir. Onlardan 34 nəfəri qadındır. 230 nəfərin dövlət qulluqçusu ixtisas dərəcəsi vardır. 220 nəfər inzibati, 28 nəfər isə yardımçı dövlət qulluğu vəzifələrində çalışır.
Daha sonra rayon rəhbəri dövlət qulluqçularının peşə bayramı münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən rayon icra hakimiyyəti başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi İlqar Musayevi “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə təbrik etdi.
Təltif olunan İlqar Musayev, Həsənqaya kənd İƏD üzrə nümayəndə İlqar Qasımov, statistika idarəsinin rəisi Ədalət Məmmədov, məşğulluq Mərkəzinin direktoru Azər Ağayev çıxış edərək möhtərəm Prezidentimizə dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Sonda icra başçısı tərəfindən rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fərqlənən bir qrup dövlət qulluqçusuna Fəxri Fərman və qiymətli hədiyyələr, Qarabağ Regional Bilik Evi tərəfindən isə kitablar təqdim olundu .
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırdı.
“Yeni Tərtər”