Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30İyn

    ANA

    (Hekayə)

    image– Sabahın xeyir, ay Nigar xala!
    – Aqibətin xeyir, ay qızım!
    – Uşaqlarından nə xəbər, Nigar xala? Danışırlarmı?
    – Hərdən zəng eləyirlər, danışırıq, ay Telli. Çox şükür, yaxşıdırlar.
    – Bə niyə kefsizsən? Ağrıyıb – eləmirsən ki?
    – Üstünə sağlıq, nə isə birtəhərəm. Elə ağrımağım – filan yoxdur, ancaq hərdən başım fırlanır, bədənimə soyuq tər gəlir.
    – Bə niyə uşaqlara xəbər eləmirsən gəlib səni doxtura göstərsünlər?
    – Demişəm, gələsidirlər, inşallah!
    Tellinin oğlunun səsi qonşuların söhbətini yarımçıq kəsdi:
    – Ay ana, gəl mənim paltarlarımı ütülə, getməliyəm, axı.
    Telli istədi oğluna nəsə desin, Nigar xala imkan vermədi:
    – Get uşağı yola sal, sonra keçərsən bizə.
    Telli getdi.
    Telli ilə Nigar xala çəpər-çəpərə qonşu idilər. Nigar xala həmişə: “Günün ağ olsun, ay qızım, yaxşı tərbiyə almısan!” – deyirdi. Tellinin qaynanası Bikə də rahat adam idi. Yaxşı deyiblər: “Gəlin ocağa gələr”.
    Nigar xala qonşuya – filana keçən deyildi. Ancaq qonşu arvadlar onun başına yığışar, ordan-burdan danışar, dərdləşərdilər. Həftədə, ayda bir Telligilə adlayardı Nigar xala bərk darıxanda.
    Nigar xalanın üç oğlu, iki qızı var idi. Qızlarını köçürmüşdü, hərəsi bir evin çırağını yandırırdı. Oğlanları isə Rusiyaya qazanc arxasınca getmişdilər. Hamısı da ailəli-uşaqlı idilər. Böyük oğlu Raufun toyunda kişi də sağ idi, sevincindən uçmağa qanadı yox idi kişinin: “Ölmədik bu günü də gördük, ay qarı!” – deyərdi rəhmətlik.
    Sonralar Raufun oğluna Nigar xalanın təklifi ilə kişinin adını qoydular: “Əli”.
    Oğlanları yaxşı qazanırdılar. Hamısının ayrı-ayrılıqda evləri, maşınları, yaxşı şəraitləri var idi.
    Atasından qalma “ayıbalası” kərpicdən tikilmə kiçik evdə indi Nigar xala tək yaşayırdı. Bu evdən bir az aralı böyük, yaraşıqlı bir ev tikdirmişdi oğlu Tahir. Məhlənin qarşı tərəfini hasara aldırmışdı, həyətin girişinə böyük dəmir darvaza, darvazadan evəcən üstü qırmızı kirəmidli çardaq da qurdurmuşdu. Keçən payız gələndə qara bir “Cip” də alıb saxlamışdı çardağın altında.
    Son zamanlar Nigar xala bədəninin ağrılarından əziyyət çəkirdi. Amma bunu hamıdan gizlədirdi.
    Telefonun zəngi Nigar xalanı xəyaldan ayırdı, gözlüyünü taxıb düyməni basdı. Tahirin səsi eşidildi:
    – Anama qurban olum, nətəhərsən ay ana?
    – Elə demə, ağrın alım! Mən sizə qurban olum. Elə nətəhərliyim yoxdu. Taki siz yaxşı olun.
    – Bizdən nigaran olma, ay ana, sən özündən muğayət ol!
    – Daha muğayət ola bilmirəm, dərdin alım, qardaşlarına da xəbər elə, bir yığışıb gəlin sizi görüm, məni bilmək olmaz…
    Tahir anasının sözünü ağzında qoydu:
    – Nə danışırsan, ay arvad?! İşin – gücün bu vaxtı necə gələk? Payıza dönəndə gələrik.
    Tahir sözlərini tamamlayar-tamamlamaz tappıltı səsi gəldi. Telefonun dəstəyi Nigar xalanın əlindən düşmüşdü…
    Telli oğlunu yola salıb keçdi Nigar xalagilə. Evə girməzdən əvvəl həmişə çağırardı, Nigar xala da: “Evdəyəm, gəl” – de-yərdi. Bu dəfə də çağırdı, ancaq hay verən olmadı…

    Qərib

    Müəllif: Redaktor, 09:26

    Teqlər:

İsmarıclar bağlıdır.