Kamil Tərtərli (Süleymanov Kamil Şəmil oğlu) 1955-ci il aprel ayının 26-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub.
2015-ci ildə onun “Ana yurdum vətənim Tərtər” adlı şeirlər kitabı çapdan çıxıb.
Aşağıda şeirlərini olduğu kimi dərc edirik.
TƏRTƏR, SƏNİN QUCAĞINDA
Sən qəhrəman şəhərimsən
Düşmənlərin qabağında.
Keçilməzdi sərhədlərin
Tərtər, sənin qucağında.
Qaçqınlara açdın qucaq,
Məlhəm oldu ana torpaq.
Gör neçə ev oldu dayaq
Tərtər, sənin qucağında.
Oğlun-qızın qəhrəmandı,
Düşmənlərin bağrın yardı.
El orduya havadardı
Tərtər, sənin qucağında.
Ad çıxardı döyüşlərdə
Vəzir kimi igidlər də.
Qaldı adı tarixlərdə
Tərtər, sənin qucağında.
Mübariz də dindi səndə
Dəyanətdən söz düşəndə.
Ad aldı doğma vətəndə–
Tərtər, sənin qucağında.
Gözlərisən Qarabağın,
Həm aranın, həm də dağın.
Haqq kəssin düşmən ayağın
Tərtər, sənin qucağında.
Gül-çiçəyin həvəsi var,
Murov dağın nəfəsi var,
Tərtər çayın nəğməsi var
Tərtər, sənin qucağında.
Havasından doymaq olmur,
Gəzməklə ürək soyumur.
Gözəllikdən gözlər doymur
Tərtər, sənin qucağında.
Insanları saf ürəkli,
Qonaqlara duz-çörəkli.
Ellər gördüm çox gərəkli
Tərtər, sənin qucağında.
Kamil səndən yazar oldu,
El-obasın qucar oldu.
Vətən qolun açar oldu
Tərtər, sənin qucağında.
TƏRTƏR ÇAYIM
Tərtər çayım axdı gəldi,
Qanlı gözü baxdı gəldi.
Qərib eldən çaxdı gəldi
Mənim axar Tərtər çayım.
Kəlbəcərin, İstisuyun,
Dəlidağın, həm Murovun.
Gül-çiçəyin ətri oldun
Mənim axar Tərtər çayım.
Saf suların coşdu gəldi,
Bərələri aşdı gəldi.
Yeni nəğmə qoşdu gəldi
Mənim axar Tərtər çayım.
Obalardan sən gəlirsən,
Şəmşir elindən gəlirsən.
Dağdan-dərədən gəlirsən
Mənim axar Tərtər çayım.
Neçə-neçə buz bulaqlar
Qucağına gəlib dolar
Axıb aranla qovuşar
Mənim axar Tərtər çayım.
Yağı düşmən edib fəndi,
Qarşınıza qurdu bəndi.
Qurudun hərdən, nədəndi–
Mənim axar Tərtər çayım.
Dövlətin var, sərvətin var,
Hamı səndə ümid arar.
Sənlə uca evlər qurar
Mənim axar Tərtər çayım.
Sən Kamilin ürəyisən,
Həm dərdi, həm gərəyisən.
Əlçatmaz eldən gəlirsən
Mənim axar Tərtər çayım.