Tərtər rayonunda 15 iyun–Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli liderin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Sonra tədbir Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatının inzibati binasında dəyirmi masa ətrafında davam etdirilib.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib, Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Rəhbərlik Moskvanın diktəsi ilə işləyirdi. Belə bir çətin anda xalqımız öz liderinin–Heydər Əliyevin gəlişini həsrətlə gözləyirdi.
Xaqlın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən, fəlakətlərdən, ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da milli qurtuluş idi.
Rayon rəhbəri qeyd edib ki, Ulu Öndərin ilk dəfə hakimiyyətə gəlişi ilə əlaqədar olaraq Tərtər rayonunun iqtisadiyyatında da böyük dönüş yaranmışdır. Həmin illərdə rayon 35-40 min ton pambıq istehsal edən, böyük maldarlığa malik olan, sənayesini dirçəldən bir rayona çevrilmişdir.
Rayon rəhbəri Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Tərtər rayonunda qazanılan sosial-iqtisadi inkişafdan da söhbət açıb. Bildirib ki, hazırda bu işlər Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Rauf Həsənzadə, YAP Tərtər Rayon Təşkilatı Aparatının baş məsləhətçisi Eldar Əsədov və Umudlu kənd tam orta məktəbinin müəllimi Ləman Heydərli çıxış ediblər. Onlar dahi şəx-siyyət olan Ulu Öndərin xalqın xilaskarı, lideri olduğunu qeyd edib, Heydər Əliyevin hakimiyyətə gəlişilə ölkədə hərc-mərciliyə, xaosa, vətəndaş müharibəsi təhlükəsinə son qoyulduğunu bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş gənclərə vəsiqələr, şəhər bir saylı tam orta məktəbin VIII sinif şagirdi Hüseyn İsazadəyə isə boks üzrə keçirilən respublika birinciliyində ikinci yeri tutduğu üçün rayon gənclər və idman idarəsi tərəfindən diplom və qiymətli hədiyyə təqdim edilib.
15 iyun–Milli Qurtuluş Günü münasibəti ilə rayonun ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri də Ulu Öndərin xatirəsini yad edərək abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Sonra hərbçilər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
“Yeni Tərtər”