“ORUC TUTUN Kİ, SAĞLAM OLASINIZ”
Bismillahir Rəhmanir Rəhim!
Mehriban və bağışlayan Allahın adı ilə.
Həzrəti Peyğəmbər (s) buyurur: “Mədə bütün xəstəliklərin evi, pəhriz isə onun dərmanıdır”. “Oruc tutun ki, sağlam olasınız!”
Qurani-Kərimin Bəqərə surəsinin 184-cü ayəsində Allah Taala buyurur: “…Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”.
İtaliyada dərc olunan “Emel” jurnalı tibbi araşdırmaçı Noren Kassemin araşdırmaları əsasında insan oruc tutarkən onun bədəninin daxilində hansı proseslərin baş verdiyini bildirən qısa videoçarx təqdim edib. Videoda bildirilir ki, insan oruc tutarkən bədənində artıq yığılmış piylərin, karbohidratların və şəkərin yanması nəticəsində enerji istehsal edilir. Enerji istehsalı zamanı ən mühüm rolu qaraciyər oynayır. Qaraciyər, piyləri “keton” cisimcikləri adlı kimyəvi preparatlara çevirərək insan enerjisinin əsas mənbəyi edir. Kassemin fikrincə letoksikasiya (orqanizmin toksinlərdən–zəhərli maddələrdən təmizlənməsi deməkdir), oruc tutmağın ən əhəmiyyətli xeyirlərindən biridir. Müntəzəm detoksikasiya prosesi zamanı insanın yoğun bağırsağı, ağ ciyəri, qara ciyəri, böyrək, limfatik düyünlər və dəridə olan zəhərli maddələr neytrallaşdırılır və ya təmizlənir. Yeməklərdən və ətraf mühitdən daxil olmuş və qalan ehtiyatlarda saxlanılmış kimyəvi preparatlar və toksinlər, orucluq zamanı detoksikasiya prosesinin güclənməsi nəticəsində təmizlənirlər. Fiziki səviyyədə enerji və resursların həzm sistemindən atıldığına görə insanın bədənində sağalma və bərpa prosesi baş verir. Orucluq vaxtı metabolizmə (maddələr mübadiləsi) və ümumi fiziki funksiyalar səviyyəsinin azalmasına görə bədənin temperaturunda kiçik azalma müşahidə olunur. Gündəlik həyatda tez-tez yüklənən həzm sistemi orucluq zamanı daha effektiv həzm və qidaları udmaq üçün özünü bərpa edərək təmizləyir, mədə və bağırsaq örtüyü, vəz və əzələləri bərpa edərək lazımsız toksinləri (zəhərli maddələr) özündən uzaqlaşdırır.
Ramazan ayı həm də Qurani-Kərimin nazil olduğu bir aydır. (Bəqərə surəsi, ayə 185)…
Bu ay bütünlükdə rəhmət, bərəkət, özünə nəzarət və bağışlanma ayıdır. Hədisdə deyilib: “Hər kəs bu ayda özünü bağışlada bilmirsə, sair aylardan ümidini kəssin gərək”. (Hz.Muhəmməd (s)).
Uca və Sübhan Allah günahlarımızı əfv eləsin. Bu günləri xalqımıza düşərli etsin inşaallah. Amin!
Saleh Ədilov