Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21İyn

    “BİR XATİRƏ QALA MƏNDƏN”

    nuvarBu sözləri Nübar Mədətli (Məmmədova) beş kitabından birinə ad seçib. Elə bu fikri də onun həyat amalı hesab etmək olar. 85 illik ömür yolunda onun yeganə məqsədi xeyirxahlıq və insanlara qayğı olub. Nə var-dövlət toplayıb, nə də zəngin həyat arzulayıb. Gördüyü işlərlə yaddaşlarda qalmaq istəyib və buna da nail olub.
    1932-ci il noyabrın 5-də Ağdamın Kəklikbəyli Qərvənd kəndində anadan olan Nübar Mədətlinin uşaqlıq illəri çətin keçib. Atası Əsəd kişi 1941-ci ildə vəfat edib. Səhhəti çox zəif olan anası Tutuxanım aclıq illərində 4 övlada baxa bilməyib. Beləliklə də kənd məktəbinin 3-cü sinfində əla qiymətlərlə oxuyan balaca Nübarı Ağdam uşaq internat məktəbinə göndəriblər. Həmin məktəbin müəllimi Zülfiqar Səfərəliyevi Nübar Mədətli özünün mənəvi atası hesab edir. Aclıq illərində hər bir uşağa öz övladı kimi qayğı göstərən Zülfiqar müəllim onların mənəvi dünyasının formalaşmasında böyük rol oynayıb. Nübar müəllim deyir ki, bütün həyatı boyu bu insanın xeyirxahlığını unutmayıb və onun kimi daim insanlara gərəkli olmağa çalışıb.
    İnternat məktəbin X sinfini 9 ildə fərqlənmə attestatı ilə bitirən Nübar xanım Ağdam Müəllimlər İnstitutunun fizikariyaziyyat fakültəsində təhsil alıb. Sonra təyinatla Tərtərin Hüsənli kəndinə müəllim göndərilib.
    Onun kasıb geyimi gənclik təravətinə uyğun gəlməsə də, ürəyi arzularla dolu idi. İlk maaşını alıb, özünə yaraşıqlı paltar tikdirmək, gözəl ayaqqabı almaq istəyirdi. Həmin günün sevincini Nübar müəllim bu gün də unuda bilmir.
    Elə ilk maaşın ardınca onun həyatında digər mühüm hadisə baş verdi: gənc müəllim Azadqaraqoyunlu kəndindən olan Məcid Məmmədovla ailə həyatı qurdu. Böyük Vətən müharibəsi başlayanda Məcid müəllim tələbə idi. Universitet təhsilini yarımçıq qoyub, cəbhəyə gedir. Dəfələrlə yaralanır, hər dəfə də sanki hansısa bir qüvvə onu xilas edir. Lakin yaraları çox ağır olduğundan, müharibənin başa çatmasına baxmayaraq, müxtəlif hospitallarda illərlə müalicə olunur və doğma kəndinə yalnız 1951-ci ildə gəlib çıxır.
    Nübar müəllim danışır:
    –Qaynanam Mülayim nənə daim ağlayırdı ki, müharibəyə beş oğul göndərdim, para oğul üstümə qayıtdı. Məcid müəllimin qardaşından, bacısının həyat yoldaşından, dayısından, dayısı oğlundan “qara kağız” lar gəlmişdi kəndə…
    Beləcə, müharibədən hərəsi bir cür zərbə almış iki insanın həyat yolları birləşərək yeni, böyük və xoşbəxt bir ailənin təməli qoyuldu.
    Uşaqlığı yetimçiliklə keç-diyi üçün, Nübar müəllim görmədiyi ailə qayğısını, hörmət və məhəbbəti burada tapdı. O, qaynanası Mülayim nənəni, baldızı Qəməri, həyat yoldaşını daim böyük sevgi ilə xatırlayır.
    Məcid müəllimin təyinatı Ağcabədi rayonuna verildiyindən, bir ildən sonra Nübar müəllim də Hüsənli kənd məktəbindən işdən çıxaraq, onunla birlikdə həmin rayona yollanır. Qəribədir ki, burada o, məktəb direktoru, Məcid müəllim isə sıravi sinif müəllimi işləyirmiş. İş münasibətlərində də, ailədə də həmişə qarşılıqlı hörmət olduğundan, qayğı və çətinliklərlə, ağrılarla dolu həyat onları sarsıtmırdı.
    On ildən sonra ailə yenidən Azadqaraqoyunlu kəndinə qayıdır. Burada Nübar müəllim 15 il məktəbdə partiya təşkilatının katibi və direktor müavini işləyir. Onun xatirələrindən:
    –Hər səhər tezdən durub təndiri qalayırdım. Sonra süfrə açıb uşaqları yuxudan oyadırdım. Çaldığım camış qatığını qaşıqla götürmək mümkün olmurdu, bıçaqla doğrayıb uşaqlara verirdim. Hamısı da sağlam böyü-yürdü. İşə də heç zaman gecikməzdim.
    İşini, ictimai vəzifəsini və ailə qayğılarını böyük bir həvəslə yerinə yetirən Nübar Məmmədova kənd camaatı arasında da nüfuz sahibi idi: üstəlik o, təhsilini artırmaq məqsədilə sənədlərini Xankəndindəki Pedaqoji İnstituta verdi və 1974-cü ildə ailədə üç nəfər–Nübar müəllimin özü, oğlanları Nizami və Xaqani ali məktəbi bitirərək diplom aldılar. Ümumiyyətlə, ailədə 7 övladın hamısına təhsil verilib və bu işdə bir ana kimi Nübar müəllimin həm şəxsi nümunəsi, həm zəhməti böyük rol oynayıb.
    I Qarabağ müharibəsində dinclik tapmayan Nübar Məmmədova gah hərbi hissələrə gedərək hazırladığı sovqatları əsgərlərə aparır, gah hospitallarda yaralılara baş çəkir, gah da şəhid analarının, kəndə gələn qaçqınların harayına qaçırdı. Bu şəhidlərin əksəriyyəti onun şagirdləri idi.
    Nübar müəllim onların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı, sevimli şagirdi Elman Hüseynovun xatirəsini əbədiləşdirmək üçün kənddə muzey təşkil etdi. Buraya kəndin tarixinə aid çoxlu eksponatların toplanmasına nail oldu. O, muzeyin təşkilinə böyük zəhmət sərf etmişdi. Buna baxmayaraq, rayonumuzda tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikildiyini eşidəndə, eksponatların əksəriyyətini həmin muzeyə təhvil vermək qərarına gəldi. Burada ondan ötrü çox əziz olan əş-yalar daha yaxşı saxlanılacaq və bir kəndin tarixini, o cümlədən bütün həyatı bo-yu bu kəndin xoşbəxtliyi üçün çalışan cəfakeş bir qadının xatirələrini yaşadacaq.
    Nübar müəllim həm də poeziyanı, jurnalistikanı, xalq yaradıcılığını sevən və bilən bir insandır. 50 ildən çoxdur ki, Tərtər rayon qəzetinin ictimai müxbiri kimi fəaliyyət göstərir. Folklor nümunələrinin toplanmasında yaxından iştirak edir. “Bir xatirə qala məndən” kitabından başqa, o, “Məzarım üstündə göyərən nəğmələr”, “Üzü Tərtər yuxarı”, “Qəribə talelər”, “1001 bayatı” kitablarının müəllifidir. Bundan başqa, yazıları respublikanın müxtəlif qəzet və jurnallarında çap olunub, radio verilişlərində səsləndirilib.
    Sonda Nübar müəllimdən nəyə görə Mədətli təxəllüsünü götürdüyünü soruşdum. Dedi ki, məktəbdə keçirilən tədbirlərdən birində Səməd Vurğunla Məzahir Daşqının ilk görüşü barədə danışdım. Böyük şairin həmyerlimizə olan qayğı dolu münasibətini xatırlatdım. Bundan sonra məktəbimizin ədəbiyyat müəllimi Hilal Şəmilov mənə dedi ki, elə sən də insanlara əl tutmağı, kömək etməyi sevirsən, ona görə də bundan sonra sənə Nübar Mədətli deyəcəyik.
    Beləcə, ömrünün ahıl çağını yaşayan Nübar Mədətlinin həyat kitabının bir neçə səhifəsini vərəqlədik. Yəqin ki, bu yazı da ondan bir xatirə olaraq qalacaq.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 09:38

    Teqlər:

İsmarıclar bağlıdır.