Əzizim Gülnara
Həyatdır, ömr edir hərə bir cürə,
Nisgilə, həsrətə, qübara bənzər.
Hələ nə yaşayıb, nə də gün görə?
Təzə pöhrələnmiş çinara bənzər.
***
Hələ qönçə olan dağ çiçəyidir,
Lalə yarpağıdır, gül ləçəyidir.
Bu qız bənövşənin yaz diləyidir,
Duyğusu, sevgisi bahara bənzər.
***
Acı xatirələr səfə düzülür,
Ürəkdi sızlayır, candı üzülür.
Şirin danışığı baldır süzülür,
Hər sözü bir əhdə, ilqara bənzər.
***
Yaşın günəş vaxtı, nur vədəsidir,
Bir iynə ulduzu işıq bəsidir.
Qisməti taleyin ağlar səsidir,
Gah kamana bənzər, gah tara bənzər.
***