Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra məhz Ulu Öndər Heydər Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə qayğıkeş münasibəti nəticəsində onun imzaladığı 2001-ci il 23 may tarixli sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.
Son bir neçə ildə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi sahəsində ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ardıcıl, məqsədyönlü işlər görülüb, uzun illər ərzində yığılaraq müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəlmiş 5 Milli və Dövlət Proqramı təsdiq edilib, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilib.
Ətraf mühitin sağlamlaşdırılması üçün Tərtər rayonunda da bir çox işlər görülür. Təkcə 2017-ci ilin birinci rübündə rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində 8 mindən çox müxtəlif növ ağaclar və 2 min gül kolu əkilib.
“Yeni Tərtər”