Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09İyn

    MÜSAHİBƏ

    DSC_2056“Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”. Bu sözləri Ulu Öndərimiz Heydər Əliyev deyib. Ümummilli Lider tərəfindən formalaşdırılmış ailə siyasəti Azərbaycanda bu gün də uğurla davam etdirilir. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.
    Bəs, rayonumuzda bu sahədə vəziyyət necədir? Böyüməkdə olan gənc nəsil ailə müqəddəsliyinə yanaşmada ata-babaların yolunu davam etdirirmi? Bu və digər suallarımıza cavab almaq üçün redaksiyamıza rayon icra hakimiyyəti aparatında hüquq şöbəsinin əməkdaşı Çingiz İsayevi dəvət etdik.
    – Çingiz müəllim, hamımıza məlumdur ki, Tərtər qəhrəman şəhərdir. Uzun illərdir rayonumuzun qadınları kişilərlə çiyin-çiyinə müharibənin ağrı-acılarını yaşayırlar. Onlar həm də ölkəmiz üçün igid, vətənpərvər oğullar böyüdürlər və indi yüzlərlə tərtərlinin adı gənclər üçün ölməzlik, qəhrəmanlıq simvoluna çevrilib. Bu qəhrəmanları ilk növbədə ailə, sonra isə məktəb, bütövlikdə cəmiyyət yetişdirir. Bu barədə nə deyə bilərsiniz?
    – Ailə müqəddəsliyinin qorunması bizim xalqımıza xas olan, bizi digər millətlərdən fərqləndirən üstün cəhətlərdən biridir. Yeganə millətik ki, ailə telləri ilə bağlandığımız insana həyat yoldaşı deyirik. Yəni bundan sonrakı ömrümüzü birgə addımlayacağımız, kədərimizi və sevincimizi birgə daşıyacağımız insan. Bu, çox məsuliyyətli bir məsələdir. Çünki nikah bağlandıqdan sonra dünyaya övladlar gəlir ki, onların da tərbiyəsi, gələcək həyatı ailə quran gənclərin bu məsuliyyəti necə dərk etmələrindən asılıdır.
    Mən hər bir ailənin sevgi, qayğı, hörmət, anlaşma, dürüstlük əsa-sında qurulmasını arzulayıram. Bu münasibətləri öz ailəmdə də görmüşəm.
    – Azərbaycanda, eləcə də rayonumuzda nümunəvi ailələrin sayı minlərlədir. Elə ağsaqqallarımız, ağbirçəklərimiz var ki, 50-60 il birlikdə ömür sürüb, 10-12 övlad böyüdüblər, amma bu müddət ərzin-də bir-birlərindən inciməyiblər. Bunun əksinə olaraq, son illərin statistikası narahatedici məsələləri ortaya çıxarır.
    – Ailə məsələlərinə aid statistika həqiqətən həyəcan təbili çalmağı tələb edir. Belə ki, boşanmaların sayına görə Tərtər rayonu respublikada Gəncə kimi böyük bir şəhərdən sonra ikinci yerdədir. Əgər 2016-cı ildə rayonda boşanma ilə bağlı məhkəmə iclaslarında 163 işə baxılıbsa, 2017-ci ilin yalnız birinci rübü ərzində bu rəqəm 85-ə çatıb. Nəzərə alsaq ki, cari ilin üç ayı ərzində rayonda cəmi 38 nikah qeydə alınıb, onda bu rəqəmin nə qədər həyəcan doğurduğu məlum olur.
    – Çingiz müəllim, sizin fikrinizcə, boşanmaların belə sürətlə artmasının səbəbi nədir?
    – Hesab edirəm ki, bu səbəblər sırasında birinci yerdə olan erkən nikahdır. Erkən nikah nədir? Bu, ilk növbədə valideynlər tərəfindən dövlətimizin qanunlarının pozulması, yəni cinayətin törədilməsidir. Belə cinayət isə öz-özlüyündə bədbəxt, uğursuz bir ailənin təməlinin qoyulmasına səbəb olur. Çünki ailə quran gənc qızın psixologiyası pozulur, onun sağlamlığına ciddi ziyan dəyir və nəticədə belə bir gənc həyat yoldaşı, ana kimi öhdəsinə düşən vəzifələri yerinə yetirə bilmir. Bu çur hallarda boşanma qaçılmazdır.
    Ailənin dağılmasının digər səbəbi qadın zorakılığıdır. 2016-ci ildə Tərtər rayonunda qadın zorakılığı ilə bağlı məhkəmə qaydasında 16 işə baxılıb. 2017-ci ilin birinci rübü ərzində 7 qadın zorakılığı qeydə alınıb. Bu rəqəm getdikcə artmaqdadır. Təəssüf doğuran haldır ki, ailədə böyüklər bunun qarşısını vaxtında ala bilmirlər və ən xırda narazılıqlar nəticədə zorakılığa səbəb olur, ailə bədbəxtliyi ilə nəticələnir. Qadın zorakılığının qurbanı təkcə onların özləri deyil, həm də bundan mənəvi zərbə alan övladlar olurlar.
    – Belə vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
    – Məncə cəmiyyətdə maarifləndirmə işləri daha da genişləndirilməlidir. Biz Qərbə, dünyaya nə qədər inteqrasiya etsək də, öz mentalitetimizdən, milli kökümüzdən, adətlərimizdən uzaq düşməməliyik. Axı, qədim zamanlardan bugünədək Azərbaycanda qadına, anaya böyük hörmət və məhəbbətlə yanaşılıb. Gənclər bu ruhda böyüməli, hər bir qızın gələcəkdə həyat yoldaşı, ana olacağını dərk erməlidirlər. Vaildeynlər evdə, müəllimlər məktəbdə belə mövzulardan qaçmamalı, gəncləri ailə həyatına hazırlamalıdırlar. Ailə kiçik dövlətdir. Bu dövlətin möhkəm təməl üzərində qurulması üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik.
    – Müsahibəyə görə çox sağ olun!

    Müsahibəni apardı:
    Svetlana Bağırova

    Müəllif: Redaktor, 09:39

    Teqlər:

İsmarıclar bağlıdır.