Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09İyn

    DƏMİRÇİ HÜSEYN

    DSC_0546DSMF Tərtər rayon şöbəsinin verdiyi məlumata görə qeydiyyatda 128 nəfər 90 yaşdan yuxarı sakinimiz var. Belə insanlardan birinin ailəsində oldum. 66 ildir ki, birgə ömür yaşamış Mustafayev Hüseyn Səlim oğlu və Mustafayeva Zərniyar Hüseyn qızı ilə görüşdüm.
    Hüseyn Mustafayev 11 aprel 1926-cı ildə Ağdərə rayonunun Sırxavənd kəndində doğulub. Uşaqlığı şura hökumətinin vurhavur, tuthatut dövrünə təsadüf edib. O zamankı bütün ailələrdə olduğu kimi, Səlim kişi də ailəsini, uşaqlarını mal-heyvan saxlamaqla, əkin-biçinlə məşğul olmaqla dolandırıb. Böyük Vətən müharibəsi başlayanda Hüseynin 15 yaşı varıydı.
    1951-ci ildə qonşu kənddə yaşayan Zərniyarla ailə həyatı qurdu. İş-gücün olmaması gənc ailənin ehtiyac-larının təmin olunmasında çətinliklər törədirdi. Odur ki, 1952-ci ildə Tərtər rayonuna köçürlər. Həmin ildən 1957-ci ilədək yerli sənaye kombinatında işə dəmirçi kimi başlayan Hüseyn o zamankı Mirbəşir rayonunun fərdi yaşayış evlərinin, ictimai binaların dam örtüklərini vuraraq ailəsinin dolanışığını təmin edirdi. 1957-ci ildən 1986-cı ilədək rayonun kommunal müəssisələri kombinatında armaturçu işləyib. Hüseynin əl qabiliyyəti hər kəsin diqqətini çəkirdi. Onu bütün tərtərlilər “Dəmirçi Hüseyn” kimi tanıyırdılar. O, həm də gözəl tar ifaçısı olub. Hüseyn kişi dedi:
    – Tərtərdə və ətraf rayonların toylarında kamança ustası Yusiflə bərabər mən də iştirak edirdim. Yaxşı tar çalırdım. Mənim musiqi təhsilim olmasa da, tarda ifa etməyi öyrənmişdim. Demək olar ki, kamançaçalan Yusif olan yerdə bilirdilər ki, mən də varam.
    Onunla söhbətimizə həyat yoldaşı Zərniyar tez-tez qoşulurdu. Onların sözlərindən aydın olurdu ki, yaşlarının müdrik çağlarınadək bir-birlərinə arxa-dayaq olmuş və bu gün də birgə yaşayıb qocalırlar.
    Övladları ilə maraqlanıram. Bildirirlər ki, 6 uşaq böyüdüblər. 3 oğlan, 3 qız. Hamısı da ailəlidir. 2 qızı Tərtərdə, qalanları isə Bakı şəhərində yaşayırlar.
    Bu gün belə yaşlı insanların həm maddi, həm də mənəvi qayğıya ehtiyacları çoxdur.
    “Bu ailənin möhkəmliyinə, əhsən”– dedim. 66 illik birgə ailə həyatı alqışlanasıdır. İndiki gənc ailələrimizə örnək olası həyatdır. Doğrudur, övladları tez-tez Hüseyn babanın qonağı olurlar. Burada yaşayan qızları ev-eşiklərinin təmizliyinə baxır, biş-düşlərini hazırlayırlar. Onu da bildirim ki, hazırda Hüseyn babanın 26 nəvəsi və 13 nəticəsi var. Hərəsinin də öz yeri var babanın və nənənin ürəklərində.
    Yaşayışları sadə, söz-söhbətləri təbii olan bu insanlardan sağollaşıb ayrılanda elə bildim ki, Hüseyn baba boyda bir nur selindən ayrıldım.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 09:24

    Teqlər:

İsmarıclar bağlıdır.