Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09İyn

    4444Bu yaxınlarda “Azərbaycan” qəzetində sevimli şairimiz Fikrət Qocanın “Allahım, sahib çıx yaratdıqlarına” şeirini oxudum və çox təsirləndim. Şeirin əvvəlində şair yazıb: “Suriyada əhalinin üstünə atılan kimyəvi bombalardan boğulan, sudan çıxmış balıq kimi nəfəsi çatışmayan uşaqları ekrandan izlədim. Azərbaycanda, öz evimdə mənim də havam çatışmadı, az qala boğulurdum. Bu, bəşəriyyətə qarşı cinayətdir”.
    Daha sonra Fikrət Qoca şeirin dili ilə cinayəti törədənlərə mədəni qarğışlar yağdırır. Sonda isə deyir: “Amma balasına dəymə, bala hamıya baladı, Allahım”. Bu, Azərbaycan xalqının mentalitetidir: Başqasının balasına nəinki fiziki əzab verməmək, heç fikirlərində də ona pislik arzulamamaq.
    Çox təəssüf ki, bunun əksinə olaraq bizə erməni kimi qəddar bir düşmənlə qonşuluqda yaşamaq nəsib olub və əsrlər boyu balalarımız onların insanlığa sığmayan vəhşiliklərinin qurbanına çevrilirlər.
    Belə qurbanlardan biri də rayonumuzun Cəmilli kəndinin sakini, 15 yaşında şəhid olmuş Cahan Qurbanovadır. Cahan valideynlərini, üç qardaşını, bacısını, bütün cahanı çox sevirdi. Həkim olub insanların sağlamlığı keşiyində dayanmaq istəyirdi. 15 illik həyatının üçdə biri müharibə şəraitində keçdiyindən, o, yaşından tez böyümüşdü. Ailədə hamıya qayğı göstərməyə, hamını qorumağa çalışırdı. İki qardaşı– Müşfiq və Nüsrət cəbhədə vuruşurdular. Ona görə anası daim fikirli olurdu. Cahan anasının təsəlli yeri, ümid çırağı idi. Onunla söhbətindən sonra Elyana ana sakitləşir, qara fikirləri özün-dən uzaqlaşdırırdı.
    Həmin gün, 1992-ci il iyun ayının 8-də ermənilər Cəmilli kəndini “Qrad” raketlərindən güclü atəşə tutmuşdular. Cahangilin evi kəndin ayağında olduğundan, buradan ermənilərin mövqeləri aydın görünürdü. Nüsrət və Müşfiq də bu odun-alovun içərisindəydilər. Ona görə bütün ailə evdən çıxıb yolda dayanaraq döyüşün başa çatmasını gözləyirdi. Birdən Cahan anasına yaxınlaşıb dedi ki, bir neçə dəqiqəliyə evə gedib qayıdacaq.
    Düşmənlərin atdığı “Qrad” mərmisinin qəlpəsi də elə onu evlərinin qar-şısında yaxaladı. Mərmi zəhərli olduğundan, qızı xilas edə bilmədilər.
    O vaxtdan düz 25 il keçib. Amma nə Cahan unudulub, nə də onun dərdi. Dəhşətlisi də budur ki, ermənilər hələ də öz vəhşiliklərindən əl çəkməyiblər. Müharibənin bütün qayda-qanunlarını pozaraq dinc əhaliyə, uşaqlara atəş açmaqda davam edirlər.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 09:16

    Teqlər:

İsmarıclar bağlıdır.