Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının növbəti IX konfransı keçirildi. Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, onun xatirəsini ehtiramla yad etdilər. Sonra tədbir öz işini rayon Mədəniyyət mərkəzinin iclas zalında davam etdirdi.
Konfransda YAP Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak etdilər.
Konfrans iştirakçıları rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatından bəhs edən videoçarxa baxdılar. Ulu Öndər Heydər Əliyevin və rayon təşkilatının VIII konfransından sonrakı dövrdə vəfat etmiş YAP üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfrans açıq elan olunduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirildi.
YAP rayon təşkilatının sədri Ramiz Şabanov VIII konfransdan ötən dövr ərzində rayon təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etdi. Məruzədə qeyd olundu ki, artıq 25 ildir ki, sıralarında 700 min nəfəri birləşdirən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərən siyasi təşkilata çevrilib. YAP Tərtər Rayon Təşkilatı da rayonun sosial-iqtisadi, siyasi və mədəni həyatında yaxından iştirak edir.
Hesabat məruzəsində bildirildi ki, rayon təşkilatı özünün 83 ərazi ilk partiya təşkilatında 6034 nəfər partiya üzvünü birləşdirir. Partiya üzvlərinin 3210 nəfəri qadın, 1394 nəfəri gənclərdir. Hesabat dövrü ərzində partiyanın boy sırası 1328 nəfər artmışdır ki, onların da 950 nəfərini qadınlar, 671 nəfərini isə gənclər təşkil edir.
Rayon təşkilatında hesabat dövrü ərzində 25 Şura, 78 İdarə heyəti iclasları keçirilib. Hesabat dövrü ərzində keçirilən prezident, parlament, bələdiyyə seçkilərində və Ümumxalq Səsverməsi – Referendum zamanı rayon təşkilatı siyasi fəallıq göstərərək, bu siyasi kampaniyaların demokratik, şəffaf və mütəşəkkil şəkildə həyata keçirilməsinə nail olub. Bələdiyyə üzvlərinin 151 nəfəri və ya 66,4 faizi YAP üzvləridir. Onlardan 55 nəfəri qadın, 55 nəfəri isə gəncdir.
Təşkilatımızın və onun fəal üzvlərinin ölkəmizdə gedən sürətli inkişafda fəal iştirakları dövlətimiz və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, konfranslararası dövrdə 9 nəfər “Tərəqqi”, 4 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş, 3 nəfər “Əməkdar müəllim”, 1 nəfər isə “Əməkdar tibb işçisi” adına layiq görülmüşdür.
Möhtərəm Prezidentimizin rəhbərliyi altında qazanılan uğurlar, regionları, o cümlədən bizim yaşadığımız cəbhə bölgəsi olan Tərtər rayonunu da əhatə edir. Demək olar ki, son illərdə Tərtər rayonunun siması büsbütün dəyişib. Rayonumuzda aparılan tikinti, abadlıq-quruculuq işlərini, iqtisadi inkişafı və bunun nəticəsində əldə edilmiş gözəlliyi təkcə rayon əhalisi deyil, gələn qonaqlar da razılıq hissi ilə qarşılayırlar.
Konfransda rayon təşkilatı nəzarəttəftiş qrupunun sədri Adil Hüseynov qrupun fəaliyyəti barədə hesabat verdi.
Məruzələr ətrafında YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova, rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, rayon Dövlət Sosial Müdafiə Fondunun sektor müdiri Həcər Xeyri, Bəyimsarov kənd xəstəxanasının baş həkimi Hicran Hüseynova çıxış etdilər.
YAP Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov konfransda çıxış edərək, YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi çətin və şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs etdilər. Bildirdilər ki, məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti parçalanmadan, anarxiya, xaos və tənəzzüldən qurtularaq bugünkü vəziyyətə gəlib çıxmışdır.
Qeyd olundu ki, nail olduğumuz müstəqillik bu gün möhtərəm Prezidentimiz, YAP-ın sədri cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində daha da möhkəmlənib.
Çıxışlardan sonra konfransda təşkilati məsələlərə baxıldı.
Açıq səsvermə yolu ilə rayon təşkilatının 31 nəfərdən ibarət Şura, 13 nəfərdən ibarət İdarə heyəti, 5 nəfərdən ibarət isə nəzarəttəftiş qrupunun tərkibi təsdiqləndi.
Ramiz Şabanov yenidən Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının sədri seçildi.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul olundu.
“Yeni Tərtər”