YÜKSƏK MƏHSULDARLIQ GÖZLƏNİLİR
Rayonumuzda taxılçılığın inkişafı üçün Bölgə Təcrübə Stansiyasının mütəxəssisləri məhsuldar toxum sortları yetişdirirlər.
Rayon statistika idarəsinin məlumatına əsasən cari ilin məhsulu üçün 6873,9 hektar sahəyə buğda, 2645,1 hektara isə arpa səpilib. Bunlar “Qırmızıgül-1”, “Qobustan”, “Murov-2”, “Şəfəq-2”, “Zirvə-85”, “Fatimə” və digər məhsuldar toxum sortlarıdır.
Məhsul bolluğu yaratmağa çalışan sahibkarlar taxıl əkini sahələrini əvvəlki illərə nisbətən xeyli genişləndirmişlər.
Rayon kənd təsərrüfatı idarəsinin məlumatına əsasən, Şıxarx qəsəbəsində 1116, Hüsənlidə 649, Bəyimsarovda 540, Hacıqərvənddə 480, Qaradağlıda 426 hektar sahədə taxıl becərirlər.
Ötən il rayon üzrə taxıl sahələrinin hər hektarından 37,3 sentner, arpa sahələrindən isə 27,2 sentner məhsul götürüldü.
Cari ilin bol məhsulu üçün fermerlər zəmilərdə həvəslə çalışırlar. İndiyədək zəmilərdə suvarmalar vaxtında apa-rılmış, bitkilərə yemləmə gübrəsi verilmiş, alağa qarşı dərmanlama tədbirləri görülmüşdür.
Biçinə hazırlıqla bağlı “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Tərtər filialının müdiri Rafiq Abbasovla əlaqə saxladıq. O bildirdi ki, həmişə olduğu kimi, bu il də biçinlə bağlı heç bir çətinliyimiz olmayacaq. Biçin vaxtı zəmilərə 40-dan çox kombayn çıxaracağıq. Həmin kombaynların 10-u təzə gətirilib. Bundan başqa, yerlərdə fərdi mexanizatorların özlərinin də taxılbiçən kombaynları var. Onlar da biçində bu işdə yaxından iştirak edəcəklər.
Əvəz Nəsirov