Həyatda peşələr çoxdur və hamısı da gözəldir.
Yer üzünün əşrəfi sayılan insanların sağlamlığı keşiyində duran həkimlik peşəsi daha şərəflidir. Fəxriyyə Allahverdiyeva belə həkimlərdəndir.
Fəxriyyə xanım orta təhsilini 1983-cü ildə Tərtər şəhər 1 saylı tam orta məktəbdə alıb. 1985-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub. 1991-ci ildə isə oranı bitirib. Bir il internaturada oxuduqdan sonra təyinatla Tərtər Rayon Mərkəzi Xəstəxanasına gəlib. 1993-cü ildən indiyədək endokrinoloq (şəkər və zob xəstəliyi həkimi) işləyir. 25 ildir ki, insanların sağlamlığına xidmət edir.
Fəxriyyə xanım işinin öhdəsindən bacarıqla gəlir. Onu rayonda hamı peşəsini yaxşı bilən bir həkim kimi tanıyır, hörmətini saxlayır.
Fəxriyyə xanım deyir ki, son zamanlar şəkər xəstəliyi təkcə yaşlı insanlar arasında deyil, həm də uşaqlar arasında çoxalıb. Bunu əsrin xəstəliyi də adlandırmaq olar.
Həkim işlədiyi illər ərzində nazilik tərəfindən çoxlu sertifikatlar və fəxri fərmanlar alıb. O, rayonun ictimai-siyasi həyatında da daim yaxından iştirak edir.
Fəxriyyə xanım işini yaxşı bilən bir həkim olduğu kimi, həm də gözəl anadır. Iki qızı var. Nigar və Fatimə, biri VI, biri isə IV sinifdə oxuyur. Hər ikisi dərs əlaçısıdır. Ömür-gün yoldaşı Şahinlə nümunəvi azərbaycanlı ailəsi kimi xoşbəxt, firavan bir həyat sürürlər.
Həkimdən ayrılanda arzularını soruşdum. Dedi ki, işğal altında olan torpaqlarımız sulh yolu ilə geri alınsın, qaçqın və məcburi köçkün soydaşlarımız öz yurd-yuvalarına qayıtsınlar. Azərbaycanımızın üç-rəngli bayrağı indi gedə bilmədiyimiz yurd yerlərimizdə dalğalansın.
Mirzə Nəsir