Yəqin heç kim inkar etməz ki, həyatda ən başlıca sərvət övladların tərbiyəsidir. Valideynlər körpəlikdən uşaqlarına hansı yaşam prinsiplərini, vərdişləri aşılayırlarsa, gələcəkdə buna uyğun şəxsiyyət formalaşır.
Əlbəttə, hər kəs övladını sevir. Amma ona kifayət qədər qayğı və diqqət göstərirmi?
Rayonumuzun Sarov kəndində yaşayan Rəşad Quliyevin və Elnarə İsmayılovanın ailəsində üç övlad böyüyür: İki qız, bir oğlan. Ailənin ilki olan Ç inarə Sarov kənd tam orta məktəbinin III sinfində oxuyur. Özü balaca olsa da, böyük arzularla yaşayır və elə indidən təkcə kənddə deyil, rayon miqyasında da təhsildə qazandığı uğurları ilə tanınır.
Çinarənin anası Elnarə xanım özü də müəllimdir. O deyir:
–Övladın tərbiyəsi ilə məşğul olmaq vaxtın olub-olmamasından asılı deyil. Biz onlara kifayət qədər vaxt ayırmalıyıq ki, gələcəkdə uğurlar qazanmasına yardımçı olaq. Əlbəttə, burada hər bir uşağın şəxsi keyfiyyətləri, yəni xüsusi istedadı, bacarığı da rol oynayır. Necə ki, sinifdə bir müəllimin dərs dediyi uşaqlar eyni səviyyədə olmurlar, eləcə də ailədə eyni tərbiyəni alan uşaqların həyata baxışlarında fərq ola bilər. Buna baxmayaraq, biz valideynlər üzərimizə düşən vəzifəni yerinə yetirməliyik.
Balaca Çinarənin şəxsi arxivində artıq bir neçə fəxri fərman, tərifnamə və digər təltiflər var. Bunları sınaq imtahanlarında qazandığı uğurlara, ictimai fəallığına görə alıb. Çinarə həm də şeir yazmağa həvəs göstərir. Adi şagird dəftərinə yazılımış şeirlərin hər misrası nənəsi Nabat xanım üçün bir dünyadır. Axı, vaxtilə özü də sənətə, şeirə vurğun insan olmuş, amma ailə vəziyyəti ilə bağlı arzularına çata bilməmişdir.
Vətənə, təbiətə, doğma kəndinə həsr etdiyi şeirlər məktəbli qızın gələcək uğurlarından xəbər verir.
Beləcə, Sarov kəndində bir qız böyüyür–Çinarə Quliyeva. Gələcəkdə bu qız hansı peşəni seçəcək, kim olacaq? Bunu hələ heç kim bilmir. Atalı–analı böyüsün, dinc səma altında yaşasın, Nabat nənənin arzuları onun həyatında çiçək açsın.
Svetlana Bilalqızı