Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinə dövlət dəstəyi gücləndirilir. Cari ildə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının I respublika müşavirəsində bu sahənin inkişaf etdirilməsi ilə bağlı qarşıya yeni vəzifələr qoyulub. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Biz bu yolla gedirik. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir”.
Ölkə başçısı tərəfindən ixracın təşviq edilməsi sahəsində ötən il imzalanmış fərman və sərəncamlar rayonumuzda da bir çox sahələrin, o cümlədən bağçılığın inkişafına yeni təkan verib.
İxrac təşviqi şamil olunan məhsullar siyahısında xurma xüsusi yer tutur. Məlum olduğu kimi, son illərdə rayonumuzda xurma bağları yerləşən sahələr genişləndirilir. Hazırda vətəndaşlara məxsus xurma bağları 283,8 hektar, dövlət müəssisələrinə aid bağlar isə 4,6 hektar sahəni əhatə edir. Ümumilikdə rayonumuzda 288,4 hektar sahədə xurma becərilir ki, bu məhsullar da əsasən Rusiyaya ixrac edilir.
Ötən il rayon üzrə ümumilikdə 3236, 6 ton xurma məhsulu toplanıb.
Seydimli kəndindən fermer Vahid Musayev deyir:
–Müasir dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar dünya bazarında rəqabət qabiliyyətinə malik məhsullar istehsal etməyi bacarmalıdırlar. Bu baxımdan Tərtər xurması artıq xarici bazarlarda tanınır. Ona görə də biz həm bağların genişləndirilməsi, həm də bunlara qulluq işi-nin yaxşılaşdırılması hesabına ildən-ilə xurma istehsalını artırırıq.
Düyərli kəndindən Fikrət Məhərrəmov, Qarağacıdan Natiq Musayev və başqaları xurma bağlarının becərilməsində zəngin təcrübə toplayıblar.
Svetlana Bağırova