Hər bir cəmiyyətin sağlamlığı, onun qələcəyi böyüməkdə olan gənc nəslin milli tərbiyəsi ilə bağlıdır. Bu baxımdan gənclərin mənəviyyatca təmiz, vətənpərvər və fiziki cəhətdən sağlam böyümələri ölkəmizdə yeridilən gənclər siyasətinin əsasını təşkil edir.
Azərbaycanda bu siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər gənclərin tərbiyəsini ölkə üçün çox vacib olan məsələlərdən hesab edirdi. Heydər Əliyev deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalı, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq–budur, vətənpərvərlik”.
Umummilli Lider Heydər Əliyevin 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması barədə imzaladığı Fərman gənclərin təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb edir. Bu fərmanın ardınca–1996-cı ildə müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumu keçirildi. Sonralar bu forum mutəmadi hal alaraq gənclər siyasətinin müəyyənləşdirilməsində muhüm rol oynadı. Həmçinin hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunur.
Azərbaycanda dövlət gənclər siyasəti 2003-cü ildən etibarən yeni mərhələyə qədəm qoyub. Neft kapitalı-nın insan kapitalına çevrilməsini qarşıya məqsəd qoyan Prezident İlham Əliyev ölkəmizdə gənclərin hərtərəfli biliklərə yiyələnməsi, isdedad və bacarıqlarının üzə çıxarılması, idmanla məşğul olmaları üçün geniş tədbirlərin həyata keçirilməsinə nail olub. Bu baxımdan Prezidentin Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın əhəmiyyəti xüsusi qeyd edilməlidir. Məhz bu proqram çərçivəsində Azərbaycan gəncləri dünyanın qabaqcıl univeristetlərində təhsillərini başa vuraraq Azərbaycanın inkişafına öz töhfələrini verirlər.
Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” ölkəmizdə gənclərin tərbiyəsi sahəsində ən mühüm istiqamətləri müəyyən edir.
Azərbaycan gənclərinin milli ruhda tərbiyə almasında Heydər Əliyev Fondunun misilsiz xidmətləri var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond gənclərin yüksək təhsil alması, onların adət-ənənələrimizə bağlılıq ruhunda tərbiyə edilməsi üçün müxtəlif layihələr həyata keçirir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” beynəlxalq təşviqat kampaniyasında fəal iştirak edən gənclərimiz Azərbaycan həqiqətlərinin dünyada geniş yayılmasına nail olurlar.
Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafı prioritet vəzifə kimi qarşıya qoyulub. Gənclər bu sahədə də öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Təsadüfi deyil ki, hazırda ölkədə gənc sahibkarlar nəsli yetişib.
IV İslam Həmrəyliyi Oyunları kimi qlobal bir idman yarışının ölkəmizdə təntənəli şəkildə keçirilməsinin təşkilində də gənclərimiz mühüm rol oynayırlar.
Svetlana Bağırova