Bu günlərdə rayon polis şöbəsi narkomaniyanın bəşəriyyət üçün böyük təhlükə olması və erkən nikahın acı nəticələri barədə tədbir keçirdi.
Tədbiri giriş sözü ilə rayon polis şöbəsi rəisinin müavini polkovnik-leytenant Əfqan Qurbanov açdı. Məruzəçi göstərdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir.
Sonra qeyd olundu ki, 2017-ci ilin üç ayı ərzində Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparmış olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 10 fakt aşkar edilib. Həmin faktlarla əlaqədar 3,104 qram narkotik vasitə olan heroin və 14 qram qurudulmuş marixuana aşkar edilərək dövriyyədən çıxarılıb.
Hazırda rayon mərkəzi xəstəxanasının narkoloji kabinetində 107 nəfər narkotik istifadəçisi qeydiyyatdadır.
Rəis müavini sonra göstərdi ki, yenə də rayon məktəblərində erkən nikaha daxil olma halları mövcuddur. Belə ki, Hüsənli və Borsunlu kənd tam orta məktəblərində X-XI sinif şagirdləri arasında erkən nikaha daxil olma hallarına rast gəlinmiş və həmin azyaşlılar aparılan profilaktik tədbirlər nəticəsində valideynlərinə qaytarılmışlar.
Tədbirdə iştirak edən rayon mərkəzi xəstəxanasının narkoloq həkimi Rima Axundova bildirdi ki, hal-hazırda Tərtər RMX-nın narkoloji kabinetində qeydiyyata götürülənlərin 71 nəfəri sırf narkomaniyadan əziyyət çəkən xəstələrdir.
Təəssüflə qeyd etmək lazımdır ki, narkomanlardan 2 nəfəri qadındır.
Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Hüsənli kənd tam orta məktəbinin psixoloqu Samirə Abbasova, 6 saylı tam orta məktəbin psixoloqu Dürdanə Quliyeva, təhsil şöbəsinin nümayəndəsi Nigar Məstəlizadə, 2 saylı məktəb-liseyin şagirdi Fatimə Həsənzadə, Tərtər Rayon Polis şöbəsinin dövlət yol polis bölməsinin rəisi Müşviq Əliyev, Tərtər “Cümə” məscidinin axundu və dini icmasının sədri Sadiq Cəfərov, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Ceyhun Əliyev çıxış edərək müzakirə olunan mövzularla bağlı fikirlərini bildirdilər.
Tədbirdə rayon icra hakimiyyəti aparatının nümayəndəsi Çingiz İsayev iştirak etdi.
Mirzə Nəsir