“MADE İN AZERBAİJAN” BRENDİ DÜNYADA TANINMAQDADIR
Əvvəllər Azərbaycanda qeydə alınan sürətli inkişafda neft sektorunun rolu aparıcı olsa da, son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. 2017-ci ilin birinci rübünün yekunları da bir daha bunu təsdiq edir. Bu ilin üc ayı ərzində ölkə üzrə iqtisadiyyatın qeyri-neft sektoru 2,4, qeyri-neft sənayesi 2, kənd təsərrüfatı 3,5, bitkiçilik 20 faizdən çox, ticarət dövriyyəsi 15, ixrac 50 faiz artıb. Bu müddətdə Azərbaycanda 85 min yeni iş yeri açılıb.
Bu yaxınlarda Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının I respublika müşavirəsində bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, qarşıya yeni vəzifələr qoyulub, hədəflər müəyyən olunub. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Biz bu yolla gedirik. Sahibkarlar yaxşı bi-lirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir.” Hazırda ölkəmizdə qeyri-neft sənayesini və kənd təsərrüfatını, o cümlədən fındıqçılıq, üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik, turizm sahələrini daha da inkişaf etdirmək üçün dövlət dəstəyi gücləndirilir. Ölkə başçısı tərəfindən ötən il ixracın təşviq edilməsi sahəsində imzalanmış fərman və sərəncamlar Azərbaycanın həm iqtisadi inkişafında, həm də xarici iqtisadi əlaqələrinin genişləndirilməsində yeni mərhələnin başlanğıçını qoyub..
Prezident İlham Əliyevin “Made in Azərbaijan” brendinin təbliği və inkişaf etdirilməsi istiqamətində imzaladığı fərman və verdiyi göstərişlər Tərtər rayonunda da müsbət nəticələr verməkdədir.
2017-ci ilin birinci rübündə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 26,6 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz artıqdır. İxracyönmlü məhsulların, xüsusən də pambıq, barama, findıq, xurma istehsalına diqqət qat-qat artırılıb. Belə ki, əgər ötən il rayonda 1035 hektar sahədə pambıq əkilmişdirsə, cari ildə pambıq plantasiyaları 3000 hektardan çox sahəni əhatə edəcəkdir. Hazırda rayonda çiyid səpini bütün aqrotexniki tələblər gözlənilməklə başa çatıb. 2017- ci ildə rayonda barama istehsalını 6 dəfə artırmaq nəzərdə tu-tulub. Bu məqsədlə geniş ərazilərdə çəkil bağları salınıb.
Tərtər rayonunun münbit torpağı və gözəl iqlimi burada bağçılığı inkişaf etdirmək üçün şərait yaradır. Dövlətin dəstəyindən istifadə edən tərtərli sahibkarlar arasında fındıq və xurma bağlarının genişləndirilməsinə maraq artıb. Onu da qeyd etmək lazımdır ki, bizim rayonda istehsal olunan xurma xarici bazarlarda, xüsusilə Rusiyada həvəslə alınır. Buna səbəb məhsullarımızın gözəl dadı ilə yanaşı həm də ixrac zamanı onların kefiyyətinin itməməsidir. Bu-rada həmçinin ixrac edilən məhsulların qablaşdırılmasına və digər proseslərə dövlət tərəfindən fermerlərə göstərilən köməklik böyük rol oynayır. Ölkəmizin digər rayonlarında olduğu kimi, Tərtərdə də əkinə yararsız hesab edilən yüz hektarlarla torpaq yararlı hala salınıb və hazırda bunlardan əkin üçün istifadə olunur. Bunun nəticəsində tərtərlilər ölkənin ərzaq təhlükəsizliyinə öz töhfələrini daha da artıracaqlar.
Tərtərlilərin böyük həvəslə məşğul olduqları sahələrdən biri də şəkər çuğunduru əkinidir. 2017-ci ilin məhsulu üçün emal müəssisələri ilə istehsalçılar arasında 1539 hektar sahədə şəkər çuğunduru əkilməsi ilə əlaqədar müqavilələr bağlanıb, səpin aparılıb və hazırda becərmə işləri davam etdirilir.
Qeyri-neft sektorunun inkişafı Tərtərdə də yüzlərlə yeni iş yerinin yaradılmasına səbəb olub. Təkcə cari ilin birinci rübündə bu rəqəm 995-ə çatıb.
Bu sahənin inkişafı ilə bağlı qarşıya çıxan çox vacib məsələlərdən biri maarifləndirmə işlərinin aparılması və gənc, enerjili, həmçinin savadlı sahibkarlar nəslinin yetişdirilməsidir. Müasir dövrdə artıq kənd təsərrüfatına yanaşma tamamılə dəyişib. Əvvəllər hesab edirdilər ki, bu işlərlə məşğul olmaq üçün yalnız zəhmətsevərlik və təcrübə kifayətdir. İndiki dövr isə torpağa ağıllı münasibəti tələb edir. Ona görə də gənclərin kənd təsərrüfatına aid peşələrə yiyələnməsi vacibdir.
Azərbaycan sürətlə inkişaf edir. Bu inkişafda tərtərlilərin də özünəməxsus payı var. Lakin qarşıda görüləsi işlər də çoxdur.
Ona görə bu gün pambıq və çuğundur sahələrində, bağlarda, heyvandarlıq fermalarında işlər davam etdirilir. Insanlar ölkə başçısının sərəncam və tapşırıqlarını yerinə yetirməklə, öz həyatlarını daha da yaxşılaşdırır, rifah halla-rını yüksəldirlər.
Svetlana Bağırova