Ələkbər Kərimov 1959-cu ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub. 1977-ci ildə Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Məktəbi bitirdikdən sonra texnikumda qalıb işləyib. Elə o zamandan da Şuşanın gözəlli-yinə vurulan Ələkbər buranı özünə əbədi məskən seçib. 1991-ci ildə qiyabi yolla ali təhsil alıb.
Ələkbər müəllimlə redaksiyada söhbət edirik. Hiss edirəm ki, çox kövrək adamdı. Deyir ki, Şuşada şəhərin mərkəzində 5 mərtəbəli binanın 5-ci mərtəbəsində iki otaqlı evimiz vardı, içində də hər cür şəraiti.
1992-ci il mayın 8-ində Şuşa şəhəri və ətraf kəndlər işğal olunanda həyat yoldaşım Təranəni iki oğlumuz Anar və Eltun ilə hərbi vertolyotla yola saldım. Özüm isə çox çətinliklə də olsa, “Laçın–Akara” yolu ilə Beyləqana gəldim.
Sonra yoldaşım və uşaqlarla Goranboy rayonunun Xanqərvənd kəndində bir yerə yığışdıq. Orada bir il yaşadıqdan sonra Tərtərə gəldik. Elə o zamandan da burada məskunlaşmışıq.
Deyir ki, oğlanlarımın biri– Anar ali təhsil alandan sonra hərbi xidmətini Goranboy rayonunun Tapqaraqoyunlu kəndində mənfur ermənilərlə üzbəüz keçirib. O biri oğlum Elton isə institutda təhsilini davam etdirir.
Hələ Şuşa işğal olunmamışdan bir az əvvəl biz–şəhərin cavan sakinləri, könüllü olaraq dəstələr düzəldib quş tüfəngi ilə şəhərin giriş-çıxış yollarında səhərədək keşik çəkərdik. Kim inanardı ki, Şuşa işğal oluna bilər?! Alınmaz qala olan Şuşa xəyanətin qurbanı oldu.
Ələkbər müəllimi mən də yaxşı tanıyıram. Xeyli vaxtdır ki o, Ağdərə Şəhər İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsinin müavini işləyir. Deyir ki, hər il may ayı başlayanda sanki yaralarımızın qaysağı qopur, dərdlərimiz təzələnir. Amma bütün bunlarla yanaşı həm ölkə Prezidenti İlham Əliyevə, həm də qüdrətli Azərbaycan Ordusuna ümidimiz böyükdür. İnanırıq ki, işğal altında olan torpaqlarımız, o cümlədən doğma Şuşamız azad olunacaq, qaçqın və məcburi köçkünlərimiz öz isti yurd-yuvalarına qayıdacaqlar.
Mirzə Nəsir