Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19May

    Изображение 356Yaddaşlarda qalan insanlar var ki, onlar öz peşələri, sənətləri ilə xatırlanır, gördükləri hər bir işdə məsuliyyətləri və bacarıqları, sadəlikləri və təvazökarlıqları ilə iz buraxırlar. Yaxşı yadımdadır. Gəncliyimin, necə deyərlər, “allı-güllü” vaxtları– 1970-1980-ci illər idi. Ölkəmizdə pambıq yığımının gəlhagəl dövrləri idi. Mövsüm ərzində, demək olar ki, hər gün camaatı tarlalara səsləyən, gündəlik pambıq yığımının nəticələrini rayon əhalisinə çatdıran, təşviqat maşınında şəhəri dörd dolanan o zaman rayon mədəniyyət evində metodist işləyən Mirzə Məmmədov idi. Beynəlxalq Mədəniyyət Günü münasibətilə onunla görüşüb söhbət etdim. Yaddaşımda qalan bu insanı daha yaxından tanımağa çalışdım. Heç deməyəsən Mirzə müəllimin bir sirli dünyası varıymış. Bunu söhbət zamanı hiss etdim.
    Bütün müsahibələrim kimi onun da həyatı ilə maraqlandım.
    –Mirzə müəllim, öncə özünüz haqqında bir az məlumat verin. Kimsiniz? Harda doğulub, yaşamısınız? Təhsiliniz nədir?
    –Mən, 1948-ci il, avqust ayının 20-də Səhlabad kəndində anadan olmuşam. Bütün ömrümü məhz bu kənddə yaşamışam. Hamı kimi mənim də arzum olub ki, ali təhsi alım. 1964-65-ci tədris ilində şəhər 2 saylı tam orta məktəbi bitirib işlərimi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə verdim. İmtahanları versəm də müsabiqədən keçə bilmədim. Bu, məni ruhdan salmadı. Günlərimi zəhmətə bağladım. 1966-cı ildən Mirbəşir Narçılıq sovxozunda fəhlə işlədim. Bu müddətdə məni yarım ştatla rayon poçtunda diktor vəzifəsinə qəbul etdilər. 1967-ci ilin mart ayınının 5-də Mirbəşir rayon mədəniyyət evində təlimatçı kimi işə qəbul olundum.
    1975-ci ilə kimi mən heç bir ali təhsil ala bilmədim. Bu arzu həmin ildə reallaşdı və mən Bakı Mədəni-Maarif Texnikumunun mədəni-maarif fakültəsinə qəbul oldum. 1979-cu ildə texnikumu bitirdikdən sonra təhsilmi davam etdirmək məqsədi ilə Azərbaycan Dövlət İncəsənt İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olundum. Demək olar ki, mənim bütün həyatım mədəniyyət işinə sərf olunub. 1967-ci ildən ta 2016-cı ilədək rayon mədəniyyət şöbəsində müxtəlif vəzifələrdə çalışdım. Axırıncı 19 ili şöbənin məsləhətçisi işləmişəm. Bu, az vaxt deyil, 50 ilə bərabər bir tarixdir.
    –Mirzə müəllim, bu əlli illik zəhmətiniz sizə nə bagışladı?
    –Mən müəllim olmaq, xalqın balalarına təhsil vermək arzusu ilə yaşayırdım. Lakin rayon mədəniyyət evində fəaliyyətə başlamağım bu istiqamətdə təhsil almağıma və təcrübə toplamağıma səbəb oldu. İllər ötdükcə rayon, hətta respublika səviyyəsində tanındım. Mədəniyyət evində keçirilən bədii tədbirlərin quruluşunu verdim, özüm aparıcılıq etdim, bədii giraətim dinləyicilərin urəyindən oldu. Dəfələrlə o zamankı komsomol və partiya təşkilatlarının fəxri fərmanlarına layiq görüldüm. Bu işlərin nəticəsi olaraq Mədəniyyət Nazirliyi tərəfindən 3 dəfə Fəxri Fərman və pulla mükafatlandırıldım. Ümumrespublika bədii özfəaliyyət kollektivlərinin baxış müsabiqəsində bədii qiraət üzrə “Laureat” medalına layiq görüldüm. Baş metodist işlədiyim müddətdə yaratdığım metodkabinə baxış-müsabiqədə Elmi Mərkəz tərəfindən diploma layiq görüldü, özüm isə Fəxri Fərmanla tərtif olundum. Bütün bunlar mənim işi-mə məsuliyyətimi daha da artırırdı. Nəticəsi isə budur: uzun müddət səmərəli və qüsursuz fəaliyyətimə görə “Fəxri Mədəniyyət İşçisi”, 2-ci dərəcəli “Dövlət Qulluqçusu” adlarını daşıyıram. Onu da bildirim ki, yaradıcılığı da unutmamışam.Mütəmadi olaraq respublika mətbuatında və rayon qəzetində öz yazılarımla çıxış etmişəm və “Yeni Tərtər” qəzetinin diplomuna layiq görülmüşəm. Hər bir mükafatımın arxasında isə xalqın sevgisi durur.
    –Mirzə müəllim, ailənizlə bağlı nə deyə bilərsiniz! Bu, qəzetimizin oxucuları üçün maraqlı olardı.
    Bir sirr açım, hələ körpə ikən atamı itirmişəm. Ailədə 3 övlad olmuşuq, 2 bacım və mən. Himayəsində böyüdüyüm Ab-bas kişinin tərbiyəsi ilə atalıq hissinin nə demək olduğunu anlamışam. Daşıdığım soyad da onundur. Əslən Kəlbəcərli olub. Qarabağ savaşında–Marquşevan istiqamətində itkin düşüb.
    Özüm isə 4 övlad atasıyam. Oğlum Pərvizlə birgə yaşayıram. Qızlarım Gülnarə, Həcər və Xəyalə ailəlidirlər, Bakı şə-hərində yaşayırlar. Gül parçası kimi 7 nəvəm var. Hazırda təqaüddəyəm. Onu da bildirim ki, həyat yoldaşım Dilşad xanım rəhmətə getdiyindən bütün qayğılarım oğlumun və gəlinim Nazəninin üzərinə düşüb. Üzləri ağ olsun, mənə göstərdikləri hörmət və qayğını həmişə üzərimdə hiss edirəm.
    –Məncə bu yaşadıqlarınızı sizin sirli dünyanız adlandırmaq olar, elə deyilmi? Bəlkə yaradıcılıqla məşğul olmağınızın səbəbi elə budur?
    –Hər bir insanın öz dünyası və yaşam tərzi var. Elə bilirəm ki, mənim sirli dünyam və yaşantılarım məni bu ömür kəsiyində mətinləşdirib. Bu gün mən təqaüddəyəm. Amma unudulmamışam. Bu gün mənim müasir gənclərimizə deyiləsi sözlərim çoxdur. Birincisi Allah dünyamızı müharibələrdən, qırğınlardan qorusun. İkincisi də gəncliyimiz sağlam ruhda böyüsün. Ən böyük arzum odur ki, torpaqlarımız əsirlikdən azad olsun. Buna inanıram ki, o günü görəcəyik. Çünki bizim düşünülmüş, ağıllı siyasətimiz, İlham Əliyev kimi mətin Prezidentimiz, bir də güclü ordumuz var.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 09:19

    Teqlər:

İsmarıclar bağlıdır.