Qaradağlı kəndində şəhidlərin anım mərasimi keçirilib. Tədbirdə keçmiş döyüşçülər, kəndin ictimaiyyəti, gənclər iştirak ediblər. Əvvəlcə onlar I Qarabağ müharibəsində şəhid olmuş kənd sakinlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar.
Anım mərasimi kənd məktəbinin iclas zalında davam etdirilib. Dövlət himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra məktəbin direktoru Eldəniz Ələsgərov kəndin 11 igid oğlu, o cümlədən aprelin 21-də doğum günü olan Maarif Abbasov haqqında məlumat verib. Bildirib ki, bu gün onlar sıralarımızda olmasalar da, daim anılırlar.
Azərbaycan Bayrağı ordenli Nizami Heydərov, Qarabağ Müharibəsi Veteranları, Şəhid Ailələri və Əlilləri İctimai Bir-liyi Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusibov, veteranlardan Eldəniz İbadov, Nəriman Sadıqov, tarix müəllimi Həqiqət Əliyeva, aprel döyüşlərinin iştirakçısı Ruslan Abbaszadə qəhrəmanların döyüş yolundan danışıb, bu yolun gənclər üçün örnək olduğunu bildiriblər.
Şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeirlər səslənib.
Həmin gün veteranlar həmçinin Kəngərli kəndində də şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Kənan Hüseynzadə