Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10May

    hqdefaultIMG-20170414-WA0005İnsan Ulu Tanrı tərəfindən yaradılmış canlı varlığın ən seçilmişi – ağlına, zəkasına, şüuruna görə fərqlənəni, bütün canlılardan çox ağrı-əzab çəkəni, bir damla suya, təmiz havaya, qəlb oxşayan sözə, ümidsiz anlarında Tanrıya, inanc yerlərinə, məlhəmverici bir əlin sığalına ən çox ehtiyacı olanıdır. Dərd insanı ağuşuna alanda, əlləri yerdən-göydən üzülən anında inanc yerlərinə can atar, orada son ümid işartısı tapar, bir ümid işığına bel bağlayar. Bu ümid yerləri–məscidlər, pirlər, ziyarət-gahlar, Seyid ocaqlarıdır. Belə inanc yerlərindən biri də xalq arasında çox böyük hörmətə sahib olan “Seyid Yusif ağa ziyarətgahı”dır.
    Tanıdığım, dərd-sərindən xəbərim olan insanların çox az hissəsi var ki, Seyid Yusif ağanın mübarək nəfəsindən, bu ocağın müqəddəsliyindən söz açmasın, müşkül işinin əlacını bu ziyarətgahdan tapmasını söyləməsin. Elə mən özüm həmin ocağı dəfələrlə ziyarət etmişəm. Oradan qayıdarkən sanki dərddən yüngülləşmiş kimi olmuşam. Bu yazını hazırlayarkən təsadüf etdiyim müşahidələrimə güvəndim.
    Allah rəhmət eləsin, ilk ziyarətim Seyid Yusif ağanın sağlığı dövrünə təsadüf etmişdi. Sanki bir nur selinə düşmüşdüm. Hər bir sözündən paklıq, mərhəmət tökülürdü, sabaha qarşı böyük inam yaradırdı. Yaxşı yadım-dadı, biz ziyarətdə olan zaman yetkinlik yaşında bir oğlanı iki nəfər qoluna girərək gətirmişdi. Yaxınları bildirdilər ki, qonşu rayonların birindən gəliblər. Oğlan yaxın adamlarından bir nəfərin ölüm xəbərini eşitdikdən sonra qorxudan əsəbləri pozulmuş, dəli vəziyyətinə düşmüşdü. Ev-eşikdən öz-özünə qışqırıb qaçırmış, gecələri yuxusuz qalırmış. Söylədilər ki, ikinci dəfədir gəliblər. 2 gün əvvəl gələndə oğlanın vəziyyəti daha pis imiş. Oradan getdikdən sonra söylənilən əlamətlərin heç biri onda qalmayıb, rahat yatıb. Yusif ağa bir də gəncin başına, kürəyinə əl gəzdirdi, üzünə Quran ayəsi oxudu, Gənc seyidin yanında oturdu və başladı Yusif ağanın suallarına cavab verməyə.
    Ətrafdakıları heyrət götürmüşdü. Bu sehr, cadu deyildi, möcüzə dolu real həyatıydı. “İpə-sapa” yatmayan yeniyetmə sanki ovsunlanmışdı. Ətrafındakı doğmaları isə elə hey alqış edib, sevincdən göz yaşı axıdırdılar. Seyid bildirdi ki, “ağlamaq lazım deyil, üçüncü dəfə özü gələcək, qolundan tutmaq gərək olmayacaq”.
    Seyid Yusif ağanı gördüyüm gündən ocağın gücünə inamım daha da artmışdı, ağanın imanlı baxışı yaddaşımda qalmışdı. Sonrakı ziyarətlərim Yusif ağa dünyasını dəyişdikdən sonra bir neçə dəfə olub. “Seyid Yusif ağa ocağı” və ziyarətgahı yenə də ziyarətçilərlə dolu olur, yenə də qurbanlar kəsilir, ehsan süfrələri açılır.
    Onu da bildirmək istəyirəm ki, dövlət hesabına ocaqda və ziyarətgahda memarlıq üslubunda yenidənqurma işləri aparılmış, park salınmış, yeni türbə tikilmişdir. Geniş zallar, namazgah, qurban kəsilməsi üçün otaqlar tikilib, buraya gələnlər üçün lazımi şərait yaradılıb.
    Seyid Yusif ağaya aid olan bütün əşyalar ocaqda səliqə ilə qorunub saxlanılır. Nəvəsi Hacı Seyid ağa Səbuhi ağanın adına gələn ziyarətçiləri onlarla tanış edib, hər bir əşya haqqında məlumat verir.
    Seyid Yusif ağanın ziyarətinə bu gün də təkcə Yevlax, Bərdə və Tərtər rayonlarından deyil, Azərbaycanın hər yerindən, ucqar şəhər və kəndlərindən gələnlərin ardı-arası kəsilmir. Haradan gəlməsindən və kimliyindən asılı olmayaraq hər kəs ehtiramla qarşılanır. Oğlu Hacı Seyid Hüseyn ziyarətçilərə öz ağsaqqal tovsiyələrini verir, insanlara paxıllıqdan, xəbislikdən uzaq olmağı, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağı tövsiyə edir.
    Seyid Yusif ağanın həm ocağında, həm ziyarətgahında çətin günlər, faciəli anlar yaşamış insanlara, şəhid ailələrinə, əlillərə lazımi yardım edilir.
    Bu missiya da böyük oğlu Hacı Seyid Hüseynin və nəvəsi Hacı Seyid Səbuhinin üzərinə düşüb. Ziyarətgaha gələnlər inanırlar ki, bu müqəddəs ocaq həmişə onlara kömək olacaq. İnsanların ürəyində müqəddəs məkana çevrilən “Seyid Yusif ağa ocağın”da daim gur işıq yanır, ziyarətçilər olur. Arzu edirik, bu yanar işıq hər bir ziyarətçinin nicat, məlhəm, ümid işığına çevrilsin. Allah hər kəsin ziyarətini və qurbanını qəbul etsin! Amin!

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 10:58

    Teqlər:

İsmarıclar bağlıdır.