Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Apr

    KİTABLARA MÜNASİBƏT NƏ ÜÇÜN DƏYİŞİB?

    2012_08_19_c271b0telefonla-danisan-qizRəsmi məlumatlara görə UNESCO-nun 1995-ci ildə keçirilən 28-ci sessiyasında 23 aprelin Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü elan edilməsi barədə qərar qəbul olunub.
    1997-ci ildən başlayaraq Azərbaycanda bu gün geniş şəkildə qeyd olunur, bununla bağlı silsilə tədbirlər təşkil edilir. Belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini bildirmək, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaqdır. Əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanılmasına yönəltmək də bu məqsədi şərtləndirən amillərdəndir.
    qqqqqq-1-300x200Bu günün qeyd edilməsi ilə bağlı qərarın qəbul olunması hamını, xüsusən gəncləri kitab oxumaqdan həzz almağa, bəşəriyyətin sosial və mədəni tərəqqisinə xidmət edən şəxslərin əməyinin qiymətləndirilməsinə çağırmaqla, kitablara və müəlliflərə etik yanaşılması məqsədi daşıyır.
    Məlumata görə, bu günlə əlaqədar keçirilən bütün tədbirlərdə mədəni ənənələrin inkişafı və dərk edilməsi, həmçinin biliklərin yayılması və qorunması üçün kitabların ümumiyyətlə maarifləndirmənin ən böyük vasitə olması göstərilir, müəlliflərin cəmiyyətdəki xüsusi rolu bildirilir və bununla müəlliflik hüququ institutunun dəstəklənməsi göstərilir.
    * * *
    2-ci sinifdə oxuyurdum. Hardansa “Koroğlu” dastanı əlimə keçmişdi. Oxumağa başladım və bu kitab məni o qədər özünə cəlb etdi ki, gecə-gündüz bilmədim, çox qısa bir müddətdə dastanı başa çatdırdım. Və o vaxtdan da mənim kitablara vurğunluğumun təməli qoyuldu. Həmin illərdə həmyaşıdlarımın əksəriyyəti mənim kimi kitabsevər idi və hər evdə, hər ailədə kitablara böyük ehtiram və hörmət bəslənirdi. Buna görə də hər kəs özünün “Şəxsi kitabxana”sını yaradırdı. Hamı övladlarına kitabı sevməyi və oxumağı öyrədirdi.
    İndi də kitabsevənlərdən xali deyilik. Şəhər 2 saylı məktəb-liseyin müəllimi olmuş rəhmətlik Qələndər Quliyev öz evində mərkəzi kitabxana kimi böyük bir xəzinə yaratmışdı. Onun şəxsi kitabxanasının yüzlərlə oxucusu vardı.
    Əvvəllər müxtəlif rəhbər vəzifələrdə işləmiş, indi isə təqaüddə olan həmyerlimiz Rauf Həsənzadənin şəxsi kitabxana-sında 11 min kitab var və bu adam həmin kitabların, demək olar ki, hamısını mütaliə edib və yaddaşında saxlayıb. İndi də bu gözəl xobbisini davam etdirir. Mən onun kitabxanasında olmuşam və həm bu kitabların çeşidinə, həm də Rauf müəllimin fenomen yaddaşına heyrət etmişəm.
    Əlbəttə, Azərbaycanda belə adamlar az deyil və onlar insan həyatını, ümumiyyətlə, bu dünyanı kitabsız təsəvvür etmirlər.
    Lakin o da gizli deyildir ki, kitablara olan əvvəlki münasibət əməlli-başlı dəyişib, oxucular get-gedə nəzərəçarpacaq dərəcədə azalıb. Nə üçün? Bir yandan adam fikirləşir ki, əlbət “Nə qədər ki, oxumurdum, düşünürdüm ki, bir şey bilirəm”, elə ki, oxudum, gördüm ki, heç nə bilmirəm” və yaxud, Sokratın dediyi kimi: “Onu bilirəm ki, heç nə bilmirəm” fəlsəfi fikirləri anlayanlar sanki azalıb. Həzrəti Məhəmmədin bir məşhur kəlamı da, deyəsən, etinasızlığa düçar olub: “Oxumaq, oxumaq, qəbir evinəcən oxumaq”.
    Gəlin etiraf edək: Sivil dünyaya inteqrasiya edəndə yax-şılardan öncə pisləri daha tez əxz etməyə meyil göstəririk. O cümlədən Qərbin və Şərqin eybəcərliklərini yeni dünya düzəninin diktəsi və müasirliyi kimi qəbul edir, onları həyat tərzimizə, zorla da olsa gətirməyə çalışırıq. Bu isə “Qaz ördək yerişi öyrənmək istədi, öz yerişi də yadından çıxdı” misalının bizim indiki cəmiyyətimizdə real və həyati inikası olur.
    İnternetin meydana çıxması ilə bərabər kitabların rəflərdə toz basmasının da növbəti subyektiv səbəbi yarandı. Və beləliklə həm ailələrdə, həm də gənclərdə mütaliə marağı azalmağa başladı. Əvvəllərdə piyada, yaxud metroda, avtobusda yol gedərkən, hətta dayanacaqlarda gözləyərkən belə insanlar ya qəzet, ya kitab oxuyar, vaxtlarının boş keç-məsinə dözməzdilər. İndi isə hara baxırsan hamı mobil telefonla məşğuldur. Hətta nəqliyyatın intensiv hərəkətdə oldu-ğu yolları keçərkən belə bu şoqərib telefondan ayrılmır, təhlükəni unudur və qorxulu anların yaşanmasına səbəb olurlar. Bəzən də qulaqcıqlardan istifadə etməklə ətraf mühitdən tam təcrid olunur, öz qəribə aləmlərində itib-batırlar. Dərd yarı olardı ki, bu qisim adamlar, ələlxüsus gənclər telefonda internet vasitəsi ilə klassik və dünya ədəbiyyatından nümunələri oxuyardılar. Amma Allah bilir, hansı əcnəbi musiqiyə qulaq asır və yaxud eybəcər, milli-mənəvi dəyərlərimizə zidd olan, mentalitetimizə zərbə vuran nələrisə oxuyur və yaxud qulaq asırlar.
    “Elektron kitabxana” deyilən bir struktur yaranıb. Lap yax-şı! Barı insanlar bu kitabxanalar vasitəsi ilə aktual biliklərə yiyələnsələr, yenə də bir işdir.
    Mən sizə çox səmimi deyirəm, indi mövcud olan “adı var, özü yox” kitabxanalarda buranın işçilərinin özlərinin tərtib etdikləri “oxucu kartları” üzrə oxucuların sayı, təbii ki, formal xarakter daşıyır. Mədəniyyət obyektləri çox yerdə, ələlxüsus kəndlərdə, demək olar ki, fəaliyyət göstərmir, qapılar çox vaxt, hətta aylarla bağlı olur, adı “işçi” siyahılarında gedənlər isə pensiya kimi aylıq maaş alırlar və Allah bilir ki, dövlət büdcəsindən ayrılan bu vəsaitlərin başına daha hansı oyunları açırlar.
    Haşiyə: Yaxın vaxtların söhbətidir, Mənə xəbər çatdı ki, kiril əlifbası ilə olan kitabları yığıb, “util”ə vermək istəyirlər. Qulaqlarıma inanmadım. Çünki heç də qiymətli kitabların hamısı latın qrafikası ilə hələ çap olunmayıb, axı!
    Lazımi ünvanla əlaqə saxladım, xəbərin doğruluğunu təsdiq etdi. Ondan təvəqqə elədim ki, icazə versin həmin kitablara baxım. Lazımsız əşya və ya zibil kimi iri kisələrə yığılmış minlərlə kitabın içində nələr yox idi?! Nizami Gəncəvinin qatı açılmamış “Xəmsə”sindən tutmuş Məhəmməd Füzulinin əsərlərinə qədər, Mirzə Ələkbər Sabirin “Hophopnamə”sindən başlamış çağdaş dünyamızın məşhur yazarlarına kimi.
    Çox təəssüfləndim! Haray hara çatasıydı ki?!
    Belə-belə öz gələcəyimizə zərbə vururuq. Ağrı-acısını isə indidən hiss edirik.
    Kitablara münasibətin dəyişmə səbəblərindən biri də Azərbaycan ərazisində yayımlanan yüzlərlə televiziya kanallarıdır. Nə vaxt və hansı səpkidə lap bizim üçün utandırıcı olsa da verilişə tamaşa etmək istəsən, buyur, uşaqlı-böyüklü bax, könlündən keçirsə gecə səhərə qədər, səhərdən də gecəyə qədər bax. Daha kitab oxumaq hardan yada düşəcək ki?
    Uşaqlara həm ailələrdə, həm də məktəblərdə kitaba maraq oyatmırlar. Hətta özüm şahid olmuşam ki, yuxarı sinif şa-girdləri dərsə kitab-dəftərsiz əliboş gedir. Bunun əvəzində isə əlləri və qulaqları daim mobil telefonla məşğul olur. (Bu qədər konturu onlar necə ala bilirlər?).
    Ailədə azyaşlı uşaqların kiriməsi üçün ana öz cib telefonu-nu oyuncaq kimi körpəyə verir ki, başı qarışsın.
    Kitaba münasibətin pisləşməsinin daha bir çox səbəbləri var. Bu səbəblər birləşərək insanları kitabdan uzaqlaşdırır. Bizim hamılıqla vəzifəmiz isə bu tendensiyanın təsirini azaltmaq üçün çalışmaqdır.

    Tofiq Yusif

     

    Müəllif: Redaktor, 14:44

    Teqlər:

İsmarıclar bağlıdır.