Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Apr

    TARİXİ YAŞADAN QƏZET

    _909283 il əvvəl aprel ayında ilk nömrəsi işıq üzü görən Tərtər rayon qəzetinin nəşri o dövrün zərurəti idi. Quruluş dəyişmiş, insanların həyat tərzi yenilənmişdir. Belə bir şəraitdə işə münasibətdə də dönüş yaranmalıydı. Buna görə də rayon sakinlərini bir amal uğrunda birləşdirən, qarşıda duran vəzifələri onlara çatdıran, nöqsanların operativ şəkildə aradan qaldırılmasına köməklik göstərən mətbu orqan lazım idi.
    Belə bir orqan ilk nömrəsi 1934-cü ildə çapdan çıxan “Kolxozçuların varlanması uğ-runda” qəzeti oldu. İlk vaxtlar MTS-in (Maşın-Traktor Stansiyasının) siyasi şöbəsinin nəzdində fəaliyyət göstərən bu qəzet sonralar rayon partiya komitəsinin orqanına çevrildi və demək olar ki, bir növ partiya komitəsinin tribunası oldu.
    1937-i ildən qəzet “Qızıl bayraq” adı ilə çıxmağa başladı. Bu zaman artıq onun ətrafında professional qəzetçilərlə yanaşı çoxlu sayda ştatdankənar müxbirlər toplaşmışdı. Rayonun kəndləri ilə əlaqənin çətin olduğu bir vaxtda bu mətbuat fədailəri yerlərdən qəzetə dəqiq və dolğun materiallar göndərir, yaxşı işlərlə yanaşı nöqsanları da üzə çıxarmağa kömək edirdilər. Belə insanlardan keçmiş İlic adına kolxozdan Fərrux Nəbiyev, “Oktyabr” kolxozundan Polad Rüstəmov, Azadqaraqoyunlu kəndindən Nübar Mədətli həyatları boyu redaksiya ilə əlaqələrini kəsməmişlər.
    Rayon qəzeti fəaliyyət göstərdiyi bütün dövrlərdə təsərrüfat işləri ilə yanaşı milli-mənəvi dəyərlərimizin təbliğini diqqət mərkəzində saxlamışdır. Xüsusən də gənclərin mənəvi tərbiyəsi ən çox işıqlandırılan məsələlərdən biri olub. Məhz buna görə də Tərtərdə böyüyüb boya-başa çatan bir neçə nəslin nümayəndələri rayon qəzetini özlərinin mənəvi tərbiyəçisi, yol göstərəni adlandırırlar. Belələrinin arasında tanınmış politoloq Qabil Hüseynli, elm adamlarından Tahir Orucov, Şeyda Quliyeva və başqaları vardır.
    Ölkəmiz müstəqillik əldə etdikdən sonra qəzetin adının üçüncü dəfə dəyişdirilməsinə ehtiyac yarandı. 1991-ci ildən rayon qəzetinin “Tərtər” adı ilə çıxması onun oxucuları tərəfindən alqışlandı. Həmin dövr bütün tərtərlilər kimi, qəzetin kollektivi üçün də ağır idi. Ara verməyən erməni hücumları, şəhidlər, yaralılar–bütün bunlar “Tərtər”in daimi mövzuları olmuşdu. Cəbhə lap yaxınlıqdaydı, amma şəhərin özü də elə cəbhə meydanına çevrilmişdi. Evlər dağılır, insanlar həlak olurdular. Erməni hücumlarından birində redaksiyanın öz binası da dağılmışdı. Buna baxmayaraq, yenə də qəzet nəşrini dayandırmadı.
    Maddi çətinliklər ucbatından 7 il susan rayon qəzeti 2005-ci ildə “Yeni Tərtər” adı ilə çıxmağa başladı. “Yeni Tərtər” rayonumuzun yeni dövrünün güz-güsünə çevrildi. Nə zamansa qəzet qovluqlarını əllərinə alıb vərəqləyən insanlar burada hər şeyi tapa biləcəklər–rayonumuzun günü-gündən dəyişməsini əks etdirən fotoları və materialları, həyatımızdakı unudulmaz günlər haqqında maraqlı xəbərləri, şəhidlərimiz, şəhid anaları haqqında tarixin yaddaşına köçürülən məqalələri.
    Bu gün kiçik kollektivimiz qəzetin 83-cü ildönümünü qeyd edir. Mətbuat işçisi olmaq çətin olduğu qədər də şərəflidir. Mən qəzetin baş redaktoru Tofiq Yusifə və eləcə də hər bir əməkdaşımıza bu şərəfli işdə yeni-yeni müvəffəqiyyətlər, cansağlığı arzulayıram.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 14:36

    Teqlər:

İsmarıclar bağlıdır.