Elə bir dövrün sakinləriyik ki, sərbəst sözümüzü açıq söyləyə bilirik. Lakin görək hər kəs bu fikir azadlığından lazımınca istifadə edirmi? Bu gün abırlı, ismətli, gözəl qələmi ilə tanınmış jurnalistlərin əvəzinə “reket jurnalistlər” xalqa nə söyləyib, nə bildirirlər? Nədən kimisə yalandan tərifləyən və ya kiməsə qara yaxanlar jurnalistikada geniş yayılıb?
2-3 ilin söhbətidir. Otaqda işlə məşğul idim. Qapı döyüldü. Içəri 32-33 yaşlarında tanıdığım bir kişi gənc bir oğlanla daxil oldu. Qəzetdə elan verməklə bağlı gəldiklərini bildirdilər. Adəti üzrə lazımi sənədləri təqdim etmələrini söylədim. Qarşılığında mənə verdikləri cavabı nəzərinizə çatdırmaq istəyirəm:
–Əşi, o sənəd olsa daha bura nəyə gəlirik, mən özüm də qəzetdə şöbə müdiri işləyirəm, deyirlər ki, gərək yerli qəzetdə elan verilsin, yoxsa öz qəzetimdə çap etdirərəm.
Qəzetdə işləmək xəbərini eşidəndə lap matım-qutum qurudu. Indiyənədək küçədə boş-boşuna avaralanan, heç bir təhsili olmayan, bəlkə heç orta məktəb təhsilini də doğru-düzgün almayan bir insanın qəzetdə şöbə müdiri işləməsi məni heyrətləndirdi. Hələ üstündəki “PRES” yazılmış vəsiqəsini də göstərdi. “Çox yaxşı”–dedim. Amma lazımı sə-nədlər olmasa biz elanı verə bilmərik, söylədim. Bu qəribə “qəzet işçisi” acıq eləyib getdi.
Heyrətimi iş yoldaşlarıma bil-dirdim. Fikrimdə yanılmamışdım. Onun və onun kimi bəzi adamların yalançı, dövlət qeydiyyatından keçməmiş qəzetlərin əməkdaşı olmaları barədə, “PRES” vəsiqələri ilə bəzi yerlərdə öz işlərini aşırmaları haqqında çox eşitmişdim. Axı, bu necə ola bilər? Onların qol-qanad açmalarına necə yol verirlər? Məlumatım olduğuna görə bilirəm ki, qəzet redaktorları adi insanlar olmurlar. Savadlı, jurnalistikanı bilən, ca-maat arasında nüfuzlu, başçılıq etdiyi kollektivə rəhbərlik etməyi bacaran birisini qoyurlar ki, dərc olunmuş hər bir materialın, sözün dəyərini bilsin, bir redaktor kimi məsuliyyətini göz önünə alsın. Elə dırnaqarası jurnalistlərin də dırnaq-arası redaktorları olur. Bəs onlar cəmiyyətimizdə necə pər-vazlanırlar? Niyə onların rişələnməsinə şərait yaradırıq? Doğrudur, belə “qəzetçilər” və ya “jurnalistlər” halal mətbuat deyilən zirvəni aşa bilməzlər. Son illərdə mətbuatımız da belə ünsürlərdən, demək olar ki, təmizlənmək üzrədir, insanlar da reket jurnalistlərdən yaxalarını qurtarırlar. Bu işdə Azərbaycan Mətbuat Şurası və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rolu misilsizdir. İndi çox yerdə heç nədən abır, həya etməyən, heç kimdən qorxu-ürküsü olmayan yalançı jurnalistlər rol oynaya bilməzlər. Gec-tez hər kəsin iç üzü açılaraq, bu fırıldaqçılar əməllərinə görə cəzalarını alır və cəmiyyətdən uzaqlaşdırılırlar. Bu gün mediada sözünün kəsəri olan, yüksək jurnalist təfəkkürünə malik qələm sahibləri tanınmaqdadır.
Bir vaxtlar idarə-idarə, obyekt-obyekt gəzib, mənəviyyatlarını nəzərə almadan zorla pul istəyən, müəssisə rəhbərinə gah hədə-qorxu gələn, gah da şirin dilinə salan yolunu azmış “jurnalist” adı daşıyanların, demək olar ki, siyahısı artıq seyrəlib. Onların adları çoxdan Mətbuat Şurasının qara siyahısında yer alıb. Belələri ilə hamılıqla mübarizə aparmaq lazımdır. Gündəlik dürüst informasiyaları eşitməyə hər birimizin ehtiyacı var.
Yolunu azmışlar olub və həmişə də olacaq. Lakin onların qol-qanad açmasına imkan vermək olmaz. Buna son qoymağın vaxtıdır.
Elfuzə Vəliyeva