Təbiət yaşadığımız canlı aləmdir. Bu aləmin varlığı üçün təbiətin qoynunda daim yaşıllıqlar salmalı, mövcudlarını isə qorumalıyıq. “Dədə Qorqud” filmində deyilən bir ibrətamiz fikir hər birimizin yaddaşına həkk olunmalıdır: “Torpağın vətən olması üçün iki əsas şərt var: biri odur ki, gərək onu qoruyasan, ikincisi isə gərək onu əkib becərəsən. Əgər qoruya bilmirsənsə, əkib becərməyə, əkib becərmirsənsə, qorumağa dəyməz”.
Yaşadığımız Tərtər rayonu havasına, münbit torpağına, saf, təmiz suyuna görə bir sıra rayonlardan fərqlənir. Ona görə də əkinçinin əlindən torpağa düşən bir toxum dənəsi dərhal cücərir, boy atır, bar verir.
Təsadüfi deyil ki, rayonumuzun ərazisində 520 hektardan çox sahədə meşəliklər var. Bunlar əsasən Borsunlu, Bəyimsarov, Kovdadıq, Xoruzlu, Hüləbətli, İsmayılbəyli, Evoğlu, Mamırlı, Köçərli və digər kəndlərin ərazilərindədir. Hər birimiz yaxşı bilirik ki, yaşıllıq insan ömrünü uzadır.
Rayon statistika idarəsinin məlumatına əsasən “Tərtər–Goranboy”,“Tərtər– Dörd-yol”,“Tərtər–Bərdə” istiqamət-lərində və eləcə də rayonumuzun digər ərazilərində son (2015-2016-cı illər) ərzində 1 milyon 300 min ədəd həmişəyaşıl, 66 mindən çox müxtəlif ağac, 12 min ədəd gül ko-lu əkilmiş, 5 min kvadratmetr sahədə isə yaşıllıq üçün qazon salınmışdır. Elə buna görə də cəbhə bölgəsinə yaxın olan Tərtərimiz yaşıllıqlar diyarına çevrilərək əsl cənnəti xatırladır.
Müdrik adamlar həmişə meşə salmağa, ağac əkməyə savab iş, həyati əhəmiyyətli məsələ kimi baxıblar. Hamımızın yaxşı yadındadır, sovet dönəmində ilin payız fəslində ağac əkmək üçün həftənin şənbə və bazar günlərində tez-tez iməciliklər keçi-rilirdi. Özü də o zaman Ulu Öndər Heydər Əliyev həmin iməciliklərə yaxından nəzarət edirdi.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və “İdea” ictimai birliyinin rəhbəri Leyla xanım Əliyevanın ölkəmizin yaşıllaşdırılması ilə bağlı gördükləri işlər müstəsma əhəmiyyət kəsb edir.
Bundan əlavə ölkə başçısı İlham Əliyevin 2010-cu ili “Ekologiya ili” elan etməsi ana təbiətə qayğı, məhəbbətin nümunəsi idi.
Təbiətə qayğı, təbiəti sevmək, ona qulluq göstərmək hər bir Azər-baycan vətəndaşının borcu və müqəddəs vəzifəsidir. Gəlin meşələri qoruyaq, yaşıllıqları artıraq. Çünki yaşıllıq təmiz hava, uzun ömür deməkdir.
Mirzə Nəsir