Tərtər rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qarabağ Regional Bilik evinin açılışı olub. Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, icra hakimiyyətinin, Fondun əməkdaşları və yerli ictimaiyyət nümayəndələri, bölgə ziyalıları iştirak ediblər.
İcra başçısı Müstəqim Məmmədov Regional Bilik evinin məhz Tərtər rayonunda açılması təşəbbüsünü irəli sürən Bilik Fondu rəhbərliyinə minnətdarlığını bildirərək, Bilik evinin fəaliyyəti üçün hər bir şəraitin olduğunu, bu imkanlardan yararlanaraq, Qarabağ bölgəsində geniş maarifləndirmə işlərinin həyata keçiriləcəyini deyib. Tərtər rayonunun cəbhə bölgəsində yerləşdiyini xatırladan Müstəqim Məmmədov düşmən üzərində tam qələbə qazanmaq yolunun təkcə silahdan deyil, həm də elmdən keçdiyini diqqətə çatdırıb.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Qarabağ Regional Bilik evinin belə möhtəşəm binada fəaliyyətə başlayacağından məmnunluğunu dilə gətirərək, icra başçısına bu diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Açılış mərasimindən sonra Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatının inzibati binasında ictimaiyyət nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib.
Tərtər rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev tədbirdə çıxış edərək Bilik evinin rayonumuzda acılmasına görə respublika Prezidentinə, Bilik Fondunun nümayəndələrinə sakinlər adından minnətdarlığını bildirib.
Tərtər Heydər Əliyev Mərkəzində Bilik Fondu ilə Mərkəz arasında əməkdaşlıq barədə Niyyət Protokolu imzalanıb. Fondun icraçı direktoru Oqtay Səmədov və mərkəzin direktoru Səlimə Usubovanın imzaladıqları Niyyət Protokolunda bölgə əfıalisinin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə maarifləndirilməsi nəzərdə tutulur.
Bilik Fondunun nümayəndələri həmin gün Tərtər rayon “N” saylı hərbi hissəsində olublar. Əsgərlərlə birgə şam yeməyindən sonra “Qardaşlaşmış məktəblər” layihəsi iştirakçılarının ünvanladıqları məktubları əsgərlərə çatdırıb, əsgərlər də öz növbəsində məktublara cavab yazıblar. Bununla yanaşı, Bilik Fondunun “İl boyu bilik” proqramı çərçivəsində əsgərlərə kitablar da hədiyyə olunub.
“Yeni Tərtər”