Ötən ay Saatlı rayonunda Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş respublika müşavirəsində ölkə başçısı ətraflı nitq söyləmiş, bu sahədə qarşıya mühüm vəzifələr qoymuşdur. Həmçinin görülmüş işlər ətraflı müzakirə olunmuş və yeni tapşırıqlar verilmişdir.
Bununla bağlı bu günlərdə rayon Gənclər Mərkəzində müşavirə keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, aidiyyəti təşkilatların rəhbərləri, şəhər və kənd bələdiyyə sədrləri, sahibkarlar ağsaqqallar, gənclər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər. Yığıncağı giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açdı. Aprel döyüşlərində şəhid olmuş vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra rayon rəhbəri məruzə ilə çıxış etdi. Bildirdi ki, ölkə Prezidenti möhtərəm İlham Əliyevin son müşavirədə qeyd etdiyi kimi, pambıqcılığın inkişafı ölkəmizdə prioritet sahə sayılır. Pambıqçılıqdan danışarkən Ulu Öndərimiz Heydər Əliyevin respublikaya rəhbərliyi dövrü– 1970-1980-ci illərin uğurunu, möhtəşəm nailiyyətlərimizi yada salmamaq mümkün deyil. Həmin illərdə pambıqçılıq ən yüksək mərhələyə çatmış, ölkədə 1 milyon tondan çox pambıq istehsal edilmişdir.
Vaxtı ilə Tərtərdə pambıqçılıq sahəsində adları tarixə düşən əmək qəhrəmanları yetişmişdir. Onlardan 5-i Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, neçə-neçə əmək qəhrəmanları orden, medallar və qiymətli hədiyyələrlə təltif edilmişlər. Əhalinin maddi rifah halı yüksəlmiş güzəranları yaxşılaşmışdır. Uzun fasilədən sonra bu sahəyə cənab İlham Əliyevin diqqət və qayğısı qarşıya ciddi vəzifələr qoyur. Bu gün pambıqçılığın inkişafı artıq reallıqdır. Bu sahədə 2016-cı il ölkə üçün dönüş ili oldu, 51 min hektardan 90 min ton məhsul götürüldü. Yəni 2015-ci illə müqayisədə 3 dəfə çox “ağ qızıl” əldə olundu.
Tərtər torpağı ta qədimdən çox məhsuldar və bərəkətlidir. Böyük pambıqçılıq ənənələrinə malik olan Tərtərdə 1981-ci ildə 11 min hektar sahədə 43 min ton “ağ qızıl” yetişdirilmişdir. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev bir neçə dəfə rayonumuzda olmuş, əməkçilərlə pambıq sahələrində görüşmüş, onların problemləri ilə maraqlanmışdır. O zaman Ulu Öndərin tapşırığı ilə “Sərsəng” və “Madagiz” su anbarları inşa olunmuşdur ki, bu da rayonumuzda pambıqcılığın inkişafına böyük təkan vermişdir.
Hazırda həmin su anbarları işğal altında olsa da, möhtərəm Prezidentimiz İlham Əliyevin tərtərlilərə göstərdiyi xüsusi qayğı nəticəsində təkcə son 4 ildə rayonumuzda əkin sahələrinin suvarma suyuna olan tələbatını ödəmək məqsədi ilə 46 subartezian quyusu qazılıb, 15 subartezian quyusu isə bu il istifadəyə veriləcəkdir.
Ötən il aprel hadisələri zamanı, o ən ağır anlarda Möhtərəm Prezidentimiz və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rayonumuza səfərləri, təmas xətti ilə 200 metrlik məsafədə yerləşən Qapanlı kəndində dağılan evlərə baxış keçirməyi, kənd sakinləri ilə görüşü və səmimi söhbətləri bir daha onu göstərdi ki, xalqın arxasında dağ kimi duran və qayğılarını çəkən Prezidentləri vardır. Səfərdən dərhal sonra müharibədən zərər çəkmiş evlərin bərpası üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayırmağı bunun bariz nümunəsidir. Qısa müddətdə bərpa işlərinin başa çatması və hər cür şəraiti olan evlərlə təmin olunması sakinlərimizin böyük sevincinə səbəb olmuşdur.
2016-cı ilin aprel hadisələrinə baxmayaraq, torpaqdan ayrılmayan sakinlərimiz vətəni qorumaqla bərabər bol məhsul yetişdirmiş və torpağın əsil sahibinin kimin olduğunu mənfur ermənilərə göstərmişlər.
Istehsalcılarımızdan Qazyan kənd sakini Rizvan Ələkbərov pambıq sahəsinin hər hektarından 40 sentner, Azadqaraqoyunlu kəndindən Natiq Əliyev 46 sentner, yenə həmin kənddən Rahim Quliyev 50 sentner, Bəyimsarov kəndindən Fazil Vəliyev 48 sentner, Qarağacı kəndindən Əlizadə Abbasov 40 sentner məhsul götürərək yüksək göstəricilər əldə etmişlər.
Ölkə rəhbərinin diqqət və qayğısından ruhlanan fermer və ailə fermer təsərrüfatlarının üzvləri 2017-ci ildə 3 min hektarda pambıq əkilməsinə hazırlıq görmüşlər. Yaxın günlərdə ciyid səpininə başlanacaq. Ərazidə fəaliyyət göstərən MKT “Qarabağ” və “CTS AQRO” MMC şirkətləri 790 nəfər mülkiyyətci ilə müqavilə bağlamışdır. Pambıqçılarımız bu il 3 min hektar ərazidən 7 min ton pambıq istehsal etməyi qarşıya məqsəd qoymuşlar. Bu da 6 min nəfər üçün iş yeri deməkdir.
Muşavirədə çıxışlar oldu.
MKT “Qarabağ” regional filialının Tərtər məntəqəsinin müdiri Feruz Hacıyev, rayon suvarma sistemləri idarəsinin rəisi Zahid İbrahimov, “CTS AQRO” MMC Tərtər pambıq istehsalı və tədarüku məntəqəsinin müdiri Fəqani Babaşov, rayon subartezian quyuları istismarı idarəsinin rəisi Əli Əliyev, fermerlər Fazil Vəliyev və Məzahir Sadıqov, rayon kənd təsərrüfatı idarəsinin rəisi Mehman Babayev, rayon yanğından mühafizə bölməsinin rəisi Mübariz Əliyev çıxış etdilər. Çıxış edənlər ölkə Prezidentinin kənd əməkçiləri qarşısında qoyduğu vəzifələri ürəkdən bəyəndiklərini bildirdilər.
“Yeni Tərtər”