İŞIQLI İNSAN
El hörmətini qazanmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil.
İnsanların da işıqlısı, nurlusu olur – ay kimi, ulduz kimi… Bir var bu işıq, bu nur insanın üz izindən, mənəvi dünyasından gəlir, bir var ömür dediyimiz göz qırpımı müddətindəki bir yaşantıda qazanılır.
Mən Zülfüqar Abdullayev şəxsiyyəti haqqında düşünəndə həmişə gözlərimin önünə bir işıq, bir nur seli gəlir. Bu adam bütün varlığı ilə, yəni təpədən-dırnağa ziyalı, işıqlı, nurlu adamdır. Onun daxili dünyası, mənəvi aləmi kimi üzündən də, gözlərindən də nur tökülür. Həm də Zülfüqar müəllimin şəxsi həyatından ötən illərdəki əməllərində də ziya seli var.
Mən onu lap gənc yaşlarımdan tanıyıram, tanıyıram deyəndə… Zülfüqar müəllimlə şəxsi ünsiyyətim, bağlantım olmayıb. O vaxtlar o, Mirbəşir Rayon (indiki Tərtər) Partiya Komitəsinin birinci katibi idi, mən isə yerli radionun sıravi bir əməkdaşı. Yəni o adam mənim üçün əlçatmaz, ünyetməz ucalıq, bir yüksəklik idi. Hərdənbir onun apardığı partiya yığıncaqlarında iştirak etmək səlahiyyəti mənə də nəsib olurdu ki, yerli radio və qəzet üçün materiallar hazırlayım. O qədər savadlı, o qədər səlis və rəvan danışardı, özünü o qədər mədəni aparardı ki, içimdə yaxşı mənada, bir həsəd hissi yaranardı. Fikirləşərdim ki, kaş bütün rəhbərlər həyatda onun kimi ola bilsinlər! Üst-başından da mədənilik yağardı, sözlərindən də. Lakin bu mədəniyyətin, bu etik normaların içində ciddi bir tələbkarlıq, sərt bir nizam-intizam hökmü də var idi və bunu mən o dövr üçün çox təbii qəbul edirdim.
Rayon partiya komitəsinin işçilərindən həmişə giley-güzar eşidərdim: «Bu kişiyə bir arayış, bir layihə bəyəndirmək olmur, nöqtəsinə, vergülünə qədər hər şeyə diqqət yetirir. Yoxsa…». Onda yazı savadı da çox yüksək idi. Azərbaycan dilinin qramatikasını da, leksikasını da, ümumiyyətlə, bütün incəliklərini gözəl bilirdi. Həqiqətən, hər hansı bir yazılan sənəd haqqında Zülfüqar Abdullayevdən birinci dəfəyə razılıq alan adam rayonda savadlı adam sayılırdı.
Yadımdan çıxmaz… Bir dəfə yerli radio verilişlərinin diktoru hansı səbəbdənsə işə gəlməmişdi. Materialları efirə özüm oxumağa məcbur oldum. Yazıların birində şəhərin küçələrinin vəziyyəti tənqid olunurdu. Verilişi sona çatdırıb evə döndüm. İş vaxtı qurtarmışdı. Bir az keçməmiş məni rayon partiya komitəsinə çağırdılar. Səhv etmirəmsə, rayon xalq nəzarəti komitəsinin sədri məni qəbul etdi. İçəri girən kimi «hücuma» keçdi: «Sən kiminlə razılaşıb o materialları efirə buraxmısan?! Niyə düzgün olmayan faktlarla rayon camaatının fikrini çaşdırırsan?! Bundan sonra şəxsən sənin bütün tənqidi materialların rayon partiya komitəsi ilə razılaşdırılandan sonra efirə buraxılacaqdır! Əks təqdirdə…».
Təbii ki, mən rayon xalq nəzarəti komitəsinin sədrinin belə yüksək tonla danışığından razı qalmadım və verilişdə tələb olunan bütün qayda-qanunlara əməl edildiyini söylədim. Lakin o, mənimlə razılaşmadı.
Sonrakı gün öyrəndim ki, rayon partiya komitəsinin birinci katibi Zülfüqar Abdullayev yerli qəzetdə dərc olunan və yerli radioda efirə çıxarılan bütün materialları ciddi bir diqqətlə izləyirmiş və mənim oxuduğum bu verilişdə hansısa məqamın obyektivlikdən uzaq olması onun xoşuna gəlməyib.
O, mutaliəni cox sevirdi. Danışırdılar ki, katibin heç bir zaman boş vaxtı olmur. Ya qəzet-jurnal mütaliə edir, ya da bir yazı üzərində işləyir.
Həmin illərdə Tərtər rayonu ücün xeyli işlər görüldü və əlbəttə, mən bu işlərin xronologiyasına varıb, oxucuları statistika ilə yormaq fikrində deyiləm. Sadəcə olaraq onu demək istəyirəm ki, Zülfüqar Abdullayevin Tərtər rayonunda birinci katib işlədiyi illərdən vətəndaşların yaddaşında və həyatda çox izlər qalmışdır.
…Həmişə bu insanın həyatı ilə maraqlanmışam.Taleyin əlindən acı zərbələr daddığını da, ağrılı günlər yaşadığını da eşitmişəm. Bunlar da alın yazısıdır. İnsana Ulu Tanrı tərəfindən verilən ömür payında qismətdən, qəza-qədərdən kim qaça bilər ki?
Onu da eşitmişəm ki, son illər respublikamızda texniki-peşə təhsili sisteminin problemləri ilə ali mərtəbədə – Təhsil Nazirliyində məşğul olan adamlardan biri olub.
İndi Zülfüqar müəllimin müdriklik çağıdır. O, el ağsaqqalları sırasında layiqli yerini ömrünün işıqlı və nurlu əməlləri ilə qazanmış bir insandır.
… Nə vaxtsa Zülfüqar Abdullayev kimi adamları göz önünə gətirərək belə bir şeir yazıb kitabımda dərc etdirmişdim:
Elin hormətini qazanmısan sən,
Yaxşılıq olubdur arzun, amalın.
O qədər deyiblər: «Üzun ağ olsun!» Ağappaq ağarıb saçın, saqqalın.
* * *
P.S. Zülfüqar Səfər oğlu Abdullayev 1933-cü ildə anadan olub, indi 85 yaşının astanasındadır.
O, Azərbaycan Respublikasında uzun müddət partiya, sovet, təsərrüfat sahələrində və təhsil sistemində çalışıb, xalqına sədaqətlə xidmət edib.
Zülfüqar Abdullayev Ulu Öndər Heydər Əliyevin respubilkamıza rəhbərlik etdiyi illərdə şəxsən onun özünün məsləhəti ilə 1970-ci ilin mart ayından 1978-ci ilin dekabr ayına qədər Mirbəşir (indiki Tərtər) Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. Düzlüyü, halallığı, iş bacarığı, savadı, təşkilatçılığı, kadr siyasəti və digər müsbət insani kefiyyətləri ilə rayonumuzun tarixində silinməz izlər qoyub. Onun burada işlədiyi vaxtlarda rayonun sosial-iqtisadi göstəriciləri daha da yüksəlib, şəhərimiz və kəndlərimiz xeyli abadlaşıb və gözəlləşib.
Zülfüqar Abdullayev indi təqaüddədir. Bakı şəhərində yaşayır və hal-hazırda mənim onunla səmimi ünsiyyətim davam edir.
Tofiq YUSİF