Möhtəşəm şənliklərin, el bayramlarının şahidi olan şəhərimizin Mərkəzi meydanı yenə də tərtərliləri öz qoynuna almışdı. Meydandakı nəhəng səməni, tonqal, pəhləvanların çıxışı, kəndirbazların oyunu baharın gəlməsindən xəbər verir, insanlarda xoş ovqat yaradırdı.
Ətrafda qədim el adətlərimizi nümayiş etdirən səhnələr Novruzun qədimliyindən, xalqımızın öz keçmişinə bağlılığından xəbər verirdi. Məktəblilər də bayrama əliboş gəlməmişdilər. Hər bir təhsil ocağının istedadlıları özlərinin maraqlı əl işlərini nümayiş etdirirdilər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mərkəzi meydandakı abidəsini ziyarət edərək, ətrafına bahar gül-çiçəkləri düzdülər.
Tərtərlilər Dədə Qorqudun və Bahar qızın meydana gəlişini alqışlarla qarşıladılar, Kosa və Keçəlin məzəli oyunlarına ürəkdən güldülər.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov şənlik iştirakçılarını ürəkdən təbrik edərək, 114 min əhalisi olan qəhrəman Tərtərin hər bir sakininə, rayonumuzda yaşayan məcburi köçkün və qaçqın soydaşlarımıza, səngərlərdə gecə-gündüz keşik çəkən igid hərbçilərimizə cansağlığı, ruzi-bərəkət arzuladı.
O bildirdi ki, 2016-cı il tərtərlilər üçün xüsusilə əlamətdar olmuşdur. Ölkə başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev və onun xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva həmin ildə iki dəfə rayonumuza səfər etmiş, aprel hadisələri zamanı erməni artilleriyasının açdığı atəş nəticəsində dağılmış evlərə baş çəkmiş, bu evlərin əvvəlkindən də yaxşı təmiri üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayırmışdır. Prezident və onun xanımı rayona ikinci səfərləri zamanı ictimaiyyətin nümayəndələri ilə görüşmüş və rayonda bir sıra yeni obyektlərin açılışında iştirak etmişlər. Ölkə başçısı rayonda görülən işləri yüksək qiymətləndirmişdir. Prezident rayonumuz haqqında demişdir: “Tərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xüsusilə son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir. Keçən dəfə biz may ayında görüşmüşdük. O vaxt mən dağılmış evlərə baş çəkdim və bir daha əmin oldum ki, Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada–döyüş bölgəsində, düşmənlə üz-üzə möhkəm dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir.”
Ölkə rəhbəri sonra göstərmişdir ki, Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam, bu yerdə vətəndaşlarla görüşmüşəm. O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar.
Icra başçısı sonra qeyd etdi ki, Tərtər rayonunun 48 km məsafə boyunca düşmənlə təmas xətti olmasına baxmayaraq, burada kənd təsərrüfatı da inkişaf edir və ötən il bütün sahələrdə yüksək göstəricilər əldə olunub.
Rayon mədəniyyət evinin musiqiçiləri, istedadlı müğənnilər Müşviq Qurbanov, Anar Quliyev, Vəliyəddin Qasımov, folklorçu Süleyman Süleymanov, Söylən kənd tam orta məktəbinin “Yallı” rəqs qrupu, Umudlu kənd tam orta məktəbinin folklor qrupu, uşaq yaradıcılıq mərkəzinin balaca rəqqasları öz çıxışları ilə şənliyə rəngarənglik qatdılar.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup tərtərliyə Novruz bayramı münasibətilə rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.
“Yeni Tərtər”