Tərtər şəhərinin özündə və kəndlərində müxtəlif xalqların və milli azlıqların nümayəndələri uzun illərdir ki, dostcasına, mehriban şəraitdə yaşayırlar. Onların arasında ruslar, ukraynalılar, ləzgilər və digərləri vardır. Ölkəmizdə bu insanların adət-ənənələrinə hər zaman hörmətlə yanaşılır və onların rahat yaşamaları, dini ayinləri sərbəst icra etmələri üçün hər cür şərait yaradılıb.
Azərbaycanda əhalinin əksəriyyəti müsəlmandır. Lakin burada yaşayan bütün dinlərin nümayəndələrinin hüquqları eyni səviyyədə qorunur.
Müxtəlif xalqların nümayəndələri həyat tərzimizə, adət-ənənələrimizə hörmət bəsləyir, bizimlə birgə bayramlarımızı qeyd edirlər. Onlar yaxşı günlərimizdə də, çətin günlərimizdə də azərbaycanlılarla çiyin-çiyinə olurlar. Təsadüfi deyil ki, I Qarabağ müharibəsi zamanı şəhid olan tərtərlilər arasında milliyətcə rus olan Vladimir Lavdannikov da vardır.
Qara Yanvar hadisələri zamanı azərbaycanlılarla yanaşı rus, yəhudi və digər xalqların nümayəndələri Bakının küçələrində şəhid olaraq, öz ölümləri ilə Azərbaycanın müstəqillik əldə etməsinə köməklik göstərmişlər.
Bu gün Azərbaycandakı multikulturalizm və tolerantlıq mühiti bütün dünya üçün nümunədir.
“Yeni Tərtər”