Çox fikirləşdikdən sonra qərara aldım ki, sənə məktub yazım. Amma necə müraciət edəcəyimi bilmirəm. Qardaşmı, əmimi, dayımı deyim?
Əziz həmvətənlim, Sənə Lələ Təpənin qəhrəman oğlu desəm, daha düzgün olar.
Nicat qardaşım! Sən həmin gün şəhidliyinlə Maya ananın, Bəhruz atanın, bir el gözəlinin gözlərini ağlar qoydun, ancaq Vətən tarixinə öz qanınla qəhrəmanlıq salnaməsi yazdın. Düşünürəm ki, sənin adında da dərin məna var. Çünki işğal altında olan torpağımızın bir parçasının alınması üçün öz köməyini əsirgəmədin, xalqımızın çoxdan gözlədiyi Qələbəyə aparan yola öz qanınla ilk imzanı atdın. Bizləri nicata, arzularımıza çatdırdın. Öz gənclik arzularına son qoydun. Milyonların diləyini göyərtdin.
Nicat İsgəndərov 1989-cu ildə avqustun 4-də Tərtər rayonunda anadan olub. O, 2007-ci ildə orta məktəbi bitirib. Həmin ilin oktyabr ayında hərbi qulluğa–əsgərliyə gedib.
2009-cu ilin aprel ayında xidmətini başa vursa da, yenidən orduya qayıdıb və müddətdən artıq hərbi qulluqçu kimi vətənin keşiyində dayanıb. O, aprel hadisələrində ilk şəhidimiz olub.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən İsgəndərov Nicat Bəhruz oğlu “İgidliyə görə” medalı ilə təltif edilib.
Ömrünün baharında,
Düşdün oda-alova.
Lələ təpənin qəhrəman oğlu.
Əziz qardaşım! İndi gəzdiyin yerlər, səngərin olan qayalar səni soraqlayır. Tərtər çayı şəhid balasına layla deyir. Maya ana, əlində şəkil, gözlərində həsrət səni axtarır. Bəhruz ata öz yuxularında səni hərbi paltarda döyüşən görür. Sizə müraciət edirəm, Maya ana, Bəhruz ata. Qəhrəman oğlunuz təkcə sizin övladınız deyil, bütünlükdə Azərbaycan xalqının övladıdır. O, mənim və yaşıdlarımın ürəyində cəsur bir insan kimi sönməz məşələ dönüb. Allahdan sizə səbr diləyirəm. Mən də Nicatın bacısı kimi, sizin qarşınızda baş əyirəm. Belə igid, cəsur övlad böyütdüyünüzə görə sizə minnətdaram.
Lalə Anarqızı,
6 saylı tam orta məktəbin şagirdi