Madagiz uğrunda gərgin döyüşlər gedirdi. Bu odun-alovun içinə jurnalistlər də gəlib çıxmışdılar. Vəzir Orucov təkidlə onları uzaqlaşdırmağa çalışsa da, öhdələrindən gələ bilmirdi.
Operator döyüşü çəkməklə yanaşı, komandirə suallar da verirdi.
“Ən qocaq döyüşçümüz kimdir?” – sualına Vəzir Orucovun tələsik cavabı belə oldu: “Elə hamısı”. Sonra bığaltı gülümsündü. O, çox ciddi adam idi və yoldaşları təsadüfi hallarda gülümsədiyini görərdilər.
Əgər aramızdakı ən qoçaq oğlanı axtarırsınızsa, indi ona əmr edərəm, sizi döyüşdən çıxarar, – deyə dilləndi.
Sonra Rövşən Məmmədovu yanına çağırıb, təcili jurnalistləri döyüş meydanından uzaqlaşdırmağı tapşırdı. Əmr vaxtında verilmişdi. Çünki bundan sonra baş verən hadisələr jurnalistlərin salamat qayıtmalarını mümkünsüz edərdi.
III qrup Qarabağ müharibəsi əlili, hazırda şəhərimizin Nizami küçəsində yaşayan Rövşən Məmmədov həmin günü xatırlayaraq deyir:
– Nə yaxşı ki, o zaman jurnalistlər gəlib döyüş səhnələrindən qısa fraqmentlər də olsa tarixin yaddaşına köçürə bilib-lər. Komandirimizin anası Mahı nənə hər gün televizorun qarşısında oturub oğlunun döyüş səhnəsinə tamaşa edirdi. Oğlu onun xatirində daim belə qalırdı – qorxmaz, igid, əsl qəhrəman.
Rövşən Məmmədov bildirdi ki, 1990-cı ildə Sovet ordusu sıralarından yenicə qayıtmışdı. Yanvar hadisələri baş verəndə, rahatlıq tapa bilmədi. Necə oldu ki, onun özünün də xidmət etdiyi bir ordu dinc, günahsız insanları güllə-baran etdi, tankların altında qoyub əzdi? Rövşən həmin faciədən sonra ermənilərlə mübarizəyə qatıldı. Döyüşlərdə iki dəfə yaralandı.
Deyir ki, əgər Azərbaycan Ordusunun Ali Baş Komandanı əmr etsə, bu gün də torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə iştirak etməyə hazırdır.
Bu yaxınlarda Rövşən Məmmədovun fəaliyyəti yüksək qiymətləndirilərək, ona “Vətən naminə” medalı təqdim olunmuşdur.
Svetlana Bağırova