Azərbaycan! Mən azərbaycanlı olmağımla fəxr edirəm. Doğulub boya-başa çatdığım qəhrəman Tərtərimlə fəxr edirəm.
Azərbaycan xalqı qonaqpərvər, gözütox və sülhsevərdir. Xalqımız bütün dövlətlərlə dinc şəraitdə yaşamaq istəyir. Heç bir ölkənin torpağında gözümüz olmayıb. Lakin qərbdən bizimlə həmsərhəd olan Ermənistan dövlətinin nankor insanlarının gözləri əsrlər boyu torpaqlarımızda olub. Çörəyimizi yeyib, suyumuzu içib, bol-bərəkətli, sərvətli torpaqlarımızın sonuncu dəfə 20 % -dən çoxunu işğal etdilər. Müharibə zamanı yüzlərlə igid oğul və qızlarımız şəhid oldu.
Xalqımız müharibə istəmir. Müharibə heç bir dövlətə xeyir vermir. Buna görə də möhtərəm Prezidentimiz İlham Əliyev torpaqlarımızı sülh yol ilə qaytarmaq istəyir.Bu, mümkün oımasa, əlbəttə, müharibə labüddür. Ötən il aprelin 1-dən 2-nə keçən gecə xainlər cəbhəyanı yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutdular. Tərtərdə və kəndləri-mizdə çox dağıntılar oldu. Qəhrəman oğullarımız bu dəfə də erməniləri yerində otuzdura bildilər. Uğur əldə edən əsgərlərimiz strateji əhəmiyyətli əraziləri geri qaytardılar.
Dövlətimizin başçısı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birgə Tərtərə gəldilər. Dağılmış, ziyan dəymiş evlərə gedib ailələrlə söhbət etdilər. Prezidentimizin və xanımının gəlişi tərtərlilərdə böyük ruh yüksəkliyi yaratdı. Tezliklə dövlət başçısının köməyi ilə ziyan dəymiş evlər əvvəlkindən də yaxşı bərpa olundu.
Ulu Öndərimiz demişdir: “Azərbaycanın dövlət müstəqilliyi, azadlığı əbədi qalacaqdır, sarsılmaz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.
Mən gənc nəslin nümayəndəsi kimi gördüm və inandım ki, Vətənimin gücü çoxdur. Nicat kimi oğullarımız minlərlədir. Bu igidlər Vətənimin torpağını ayıq-sayıq qoruyur, torpaqlarımızı işğaldan azad etmək üçün hər an Prezidentimizin əmrini gözləyirlər.
Mən inanıram ki, o gün uzaqda deyil. Biz tezliklə qələbə çalacağıq. Həmin gün tarixdə Azərbaycanın Qələbə günü kimi qeyd ediləcəkdir.
Nübar Mehdizadə