Hörmətli Mehriban xanım!
Sizin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmağınız xəbəri tərtərliləri də həddindən çox sevindirdi.
Desək ki, Sizi Tərtərdə çox sevirlər, bu, azdır, Sizi bütün Azərbaycanda, hər bir ailədə, hətta Azərbaycanın hüdudlarından uzaqlarda da sevirlər. Siz Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili kimi geniş və çoxşaxəli ictimai fəaliyyətinizlə, humanistliyiniz və xeyirxahlığınızla insanların böyük hörmətini qazanmısınız.
Ulu Öndər Heydər Əliyev ocağının layiqli bir nümayəndəsi kimi, Siz ölkəmizin dünya miqyasında geniş tanınması və yüksək nüfuz sahibi olması üçün yorulmadan çalışırsınız. İndi böyük sevinc hissi ilə qarşılamağa hazırlaşdığımız Novruz bayramı məhz Sizin təşəbbüsünüz əsasında UNESCO-nun Qeyri-Maddi İrs siyahısına daxil olmuşdur. Xal-qımızın digər milli-mənəvi dəyərlərinin qorunub saxlanılması istiqamətində də dəyərli işlər görürsünüz.
Hər bir azərbaycanlı üçün Siz ən doğma insan, ana və bacısınız. Ötən ilin aprel hadisələri zamanı biz bir daha bunun şahidi olduq. Şəhid ailələrinin kədərini öz kədəriniz kimi qəbul etdiniz. Heydər Məscidində verdiyiniz ehsan mərasimində şəhidlərin ana, bacı və həyat yoldaşları ilə ayrı-ayrılıqda söhbət etdiniz və onlara təsəlli verdiniz.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə 2016-cı ildə iki dəfə Tərtərə səfəriniz, birbaşa cəbhə bölgəsində yaşayan insanlarla görüşməyiniz Sizin necə böyük ürək sahibi olduğunuzu göstərir.
Hörmətli Birinci vitse-prezident!
Əminik ki, Sizin bu vəzifəyə təyin olunmağınız Azərbaycanımızın gələcək inkişafına və xalqımızın daha firavan həyatına xidmət edəcək. Sizə cansağlığı və xeyirxah işlərinizdə uğurlar arzulayırıq.
“Yeni Tərtər” qezetinin kollektivi