“Yaddaş” studiyasının tərtər Özünümüdafiə Batalyonunun keçdiyi döyüş yolundan bəhs edən “Batalyon” sənədli filminin təqdimatı oldu. Tədbirə filmin yaradıcı heyəti, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Qarabağ müharibəsi veteranları, əlillər, şəhid ailələri, rayon Ağsaqqallar şurasının üzvləri və ictimaiyyət nümayəndələri qatılmışlar. Öncə onlar Ulu Öndərin xatirəsini yad edərək abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirildi. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə respublika Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə açaraq hər kəsi Tərtərin qəhrəmanlıq tarixini yazan özünümüdafiə batalyonunun şücaətindən bəhs edən filmə baxmağa dəvət etdi.
Təqdimatdan sonra filmin rejissoru Nizami Abbas öz ürək sözlərini bildirərək, filmin çəkilişində onlara dəstək olmuş Tərtər Batalyonunun veteranlarına öz təşəkkürünü bildirdi. Sonra Tərtər Özünümüdafiə Batalyonunun keçmiş qərargah rəisi Pənah Məmmədov veteranlar adından çıxış etdi.
Sonda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin və tərtərlilərin qəhrəman olduqlarını bildirdi, bu gün də tərtərlilərin Tərtər Özünümüdafiə Batalyonunun ənənəsinə sadiq qalaraq düşmənə bir qarış da torpaq vermədiklərini söylədi, aprel hadisələrinin tərtərlilərin vətənə necə bağlı olduqlarını bir daha təsdiqlədiyini qeyd etdi. Sonra rayon rəhbəri filmin rejissoru Nizami Abbasa xatirə hədiyyəsi, Tərtər Özünümüdafiə Batalyonunun sabiq qərargah rəisi Pənah Məmmədova isə Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi “Vətən naminə” medalını təqdim etdi.
Tədbir “Qəhrəman Tərtərim” mahnısı sədaları altında başa çatdı.
-
15Mar
Müəllif: Redaktor, 13:50
Teqlər: Xəbərlər