Novruz duyğuların, xoş arzuların, diləklərin, zəngin mənəviyyatın bayramıdır. Əsrlərin, qərinələrin süzgəcindən keçərək min illərdir xalqımızın adət-ənənələrini, məişətini, zəngin mədəni irsini özündə əks etdirərək yaşayır.
Yadımdadır, ağlımın hələ təzə-təzə kəsdiyi vaxtlarda babam evin arxasında axşamtərəfi kiçik bir ocaq qalayar, ailə üzvlərinin hamısını onun ətrafına toplayardı. Bu zaman onun üzündə sevincqarışıq bir həyəcan və təşviş də hiss olunardı. Mən ondan ocağı nə üçün qaladığını və bizi ətrafına nə üçün topladığını soruşduqda o, saçlarımı oxşayaraq: “Bu gün çərşənbədir, bala”– deyərdi.
Bu əziz bayrama vurulan siyasi damğa 1988-ci ildən eti-barən aradan qaldırıldı. Bununla da xalq öz əziz bayramını bütün təmtərağı ilə qeyd etməyə başladı.
Novruz yeni gün deməkdir. Novruzun gəlişi ilə öz oxu ətrafında fırlanan dünyada sanki həyat yenidən başlayır. Baharın gözəlliyi insanların ruhunu oxşayaraq onlarda gözəl duyğular, qurubyaratmaq həvəsi yaradaraq həyat eşqini alovlandırır.
Mart ayının 19,20,21 qeyd olunan bu bayrama xalqımız bir ay öncədən hazırlıq görür. Çərşənbələr bütün canlı aləmin var olması, yaşaması üçün vacib olan dörd ünsürlə–su, od, yel və torpaqla bağlıdır.
Novruz saflıq, paklıq, hər mənada təmizlik bayramıdır. Xalqımız onun gəlişinə əvvəlcə təmizliklə başlayır. Həyət-baca, ev-eşik təmizlənir. Hər yandan xalça, palaz yuyan, yorğan-döşək çırpan qız-gəlinin şən, şaqraq səsi eşidilir. Evlərdə bayramın əsas rəmzlərin-dən olan səməni cücərdilir. Bayrama bir neçə gün qalmış qohum-qonşu, qız-gəlin birləşib bayram şirniyyatı bişirir. Analarımız, nənələrimiz sac asır, yuxa salır, fəsəli bişirir, qovurqa qovurur, qovut çəkirlər. Evlərdə açılan süfrələr çeşid-çeşid naz-nemətlə-şəkərbura, paxlava, badambura, noğul-nabat, al-əlvan yumurtalarla bəzədilir. Yamyaşıl səməni bayram xonçasına xüsusi gözəllik verir. Ailə üzvləri və qonaqlar süfrə arxasına keç-dikdən sonra şamlar yandırılır və üstü qaralı bayram plovunun ətri özündən qabaq gəlir.
Novruzun ən gözəl adətlərindən biri də qohum-qonşunun, yeni ev-eşik olanların, kimsəsizlərin, əldən-ayaqdan düşənlərin, dərdli, kədərli olub bayramı keçirməyənlərin axşam düşməmiş qapılarını döymək, onlara Novruz xonçasında bayram payı götürmək, küskün könülləri şad etməkdir. Bayram günü hava qaralar-qaralmaz bayram tonqallarına od vurulur. Hər qapıda tonqal qalansa da, meydan tonqalı başqa cür olur. Həyətlərdə yanan tonqalın ətrafına ailə üzvləri yığılsa da, meydan tonqalının ətrafına el-oba və gənclər toplaşır. Keçəl və Kosanın məzəli oyunları ilə yanaşı yumurta, xoruz döyüşdürmə, pəhləvanların göstərdiyi səhnələr, gənclərin bayramla bağlı oxuduqları şən nəğmələr insanda xoş əhval-ruhiyyə yaradır. Günəşin ilk şəfəqləri görünənə qədər bayram davam edir.
Novruz birlik, bərabərlik bayramıdır.
UNESKO-nun maddi-mənəvi irs siyahısına daxil olan Novruzla bağlı bir çox sınamalar və deyimlər var. “Qulaq fa-lı”na çıxmaq, niyyət yozma, nişanlını görmə, bəxt xətti, su falı və s. Deyirlər, axır çərşənbədə hər kim gün çıxmadan hamıdan öncə gedib bulaqdan, çaydan su götürsə dilədiyi arzuları hasil olar.
Uzun illərdir ki, düşmən tapdağında olan yurd yerlərində çaylar, bulaqlar qız-gəlinin tələsən ayaq səslərinə, meydan yerləri igidlərin nərəsinə, oralarda doğmalarımızın həsrətdən çat-çat olan məzarları qayğıya, doğma əlin sığalına möhtac qalıb.
Qarşıdan gələn bu əziz bayram günlərində ən böyük arzularımdan biri də tezliklə düş-mən tapdağı altında olan torpaqlarımızda bayram tonqallarının yandırılmasıdır…
Fərqanə Kərimova,
2 saylı məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi