Faşist Almaniyası 1939-cu il avqust ayının 23-də və sentyabrın 28-də bağlanmış müqavilələri pozaraq, 1941-ci il iyunun 22-də 190 diviziya ilə SSRİ-i üzərinə hücum etdi. Böyük Vətən müharibəsi kimi tarixə düşmüş bu müharibə beş il davam etmişdir.
1941-1945-ci illərdə res-publikamızın hünərvər oğul və qızları böyük qəhrəmanlıqlar göstərmişlər. Böyük Vətən müharibəsindəki Qələbənin qazanılmasından söz salanda qəhrəman əsgərlərimizin, arxa cəbhədə çalışan fədakar insanlarımızın zəhmətini qeyd etmək mütləq lazımdır. Müharibənin ilk günlərindən əfsanəvi qəhrəmanlıqlar göstərən 40 nəfər azərbaycanlımız Brest qalasının müdafiəsində dayanaraq düşmənə təslim olmamışlar. Müharibə dövründə Azərbaycanın Qırmızıbayraqlı 416-cı Taqanroq diviziyası düşmənin 22 min 996 əsgərini, 300 tankını, özüyeriyən qurğusunu, minaatanını, min ədəddən çox pulemyotunu, 7 mindən çox mərmiatanını, 68 silah anbarını məhv etmiş, 5474 əsgərini əsir götürmüşdür. Qələbə bayrağını Brandenburq darvazasına ilk olaraq bu diviziya sanc-mışdır.
Böyük Vətən müharibəsində göstərdikləri rəşadətlərə görə 17 min azərbaycanlı orden və medallarla təltif olunmuşdur ki, onların 120 nəfərdən çoxu tərtərli olub. Həbib Abbasov, Qanboy Tağıyev, Xosrov Əhmədov, Məhərrəm Məhərrəmov və başqalarının adları bu gün də fəxrlə çəkilir. Onlar müharibədən sonra da iqtisadiyyatın bütün sahələrində qabaqcıllardan olmuşlar. Hazırda rayonumuzda 11 nəfər Böyük Vətən müharibəsi iştirakçısı və əlili var. Onlardan iki nəfəri ilə Qələbənin 70-ci ildönümü ərəfəsində görüşdüm. Hacıqərvənd kənd sakini Musa Abbasov və Evoğlu kəndindən Abbasqulu Bağırov ömürlərinin 90 ildən çoxunu yaşayıblar. Hər ikisi müharibənin dəhşətlərindən canlı xatirələr danışırdılar. Sonda onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Qarabağ müharibəsinin də qələbə ilə başa çatmasını arzuladılar.
Elfuzə Vəliyeva