Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların zərərli adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədini daşıyan Tərtər Rayon İcra Hakimiyyəti rayon polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirdi.
Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, yuxarı sinif şagirdləri və müəllimlər iştirak etmişlər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirin əhəmiyyətindən danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd etdi. Rayon rəhbəri bildirdi ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması hər birimizin vətəndaşlıq borcudur.
Rayon polis şöbəsinin rəisi Rauf Məcidov, rayon prokuroru Azər Hətəmov, baş həkimin müavini Sevda Əliyeva, Tərtər “Cümə” məscidinin axundu Sadiq Cəfərov, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, gənc müəllim Nigar Məstalızadə çıxış edərək rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verdilər. Çıxışçılar bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin səmərəliliyini artırmağın zəruriliyindən danışdılar.
“Yeni Tərtər”