Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,524
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Mar

    Cavid11Tanrının dönə-dönə sınağa çəkdiyi insanlardan biri də Firudun kişi və onun ailəsidir. Bu ailə hazırda Seydimli kəndində yaşayır. Firudun kişi hələ Göyçədə yaşayarkən Böyük Vətən Müharibəsinin iştirakçısı olub. 1941-1945-ci illərin qanlı-qadalı günlərindən sağ-salamat qayıdıb gələn bütün həmvətənlərimiz kimi o da ailə qayğıları ilə yaşayıb. Döyüş yolu Mozdok, Leninqrad, Moskva, Kiyev, Orconekidze, Xarkov, Dnepropetrovsk şəhərlərindən keçən Firudun kişi doğma Göyçəyə qayıdanda şükür edib ki, nə yaxşı elobamdan, doğmalarımdan ayrı düşmədim. Lakin qarşıdakı illərin, ayların ayrılığından nəinki Firudun kişinin, heç kimin xəbəri yoxuydu.
    1953-cü ildə ermənilərin fitnəkarlığı ucbatından böyüyüb boya-başa çatdığı doğma Göyçədən köçəsi olan Firudun kişi Tərtər rayonunun Seydimli kəndində ailəsi ilə birgə məskunlaşır. Bu kəndin insanlarına qaynayıb-qarışır. Həyat yoldaşı Aqilə xanımla birlikdə on övlad böyüdüblər. Doqquz qız, bir oğlan. 1968-ci il fevral ayının 1-də Seydimli kəndində doğulmuş bu körpələrinə İmam Əlinin adını qoyurlar ki, Ulu Tanrı onu həmişə qoruyub saxlasın. Belə də olur, Əli doğulduğu gündən ailənin sevinci daha da artır. Ailənin yeganə oğlunu – Əlini naznemətlə böyüdürlər, üstündə əsim-əsim əsirlər. Doqquz bacının, ata-ananın and yerinə çevrilir Əli.
    Əli böyüdükcə arzuları da artırdı. Kənd məktəbinin 8-ci sinfini bitirdikdən sonra sürücülük ixtisası almaq arzusu ilə Gəncə şəhərinə üz tutur. Yiyələndiyi sürücülük peşəsi Əlinin gələcək çörək ağacına çevrilir.
    Yel qanadlı illər bir göz qırpımında gəlib keçir. Bütün ərgən oğullarımız kimi o da Vətənə borcunu yerinə yetirmək üçün sovet ordusu sıralarına yollanır və hərbi xidmətini ləyaqətlə başa vurduqdan sonra doğulduğu Seydimli kəndinə – ata, anasının, doqquz bacının yanına qayıdır və N. Nərimanov adına kolxozda sürücü işləyir. Həmin illərdə ermənilər ölkəmizdə yenə təxribatlar törədirdilər.
    Ata-ananın, qohumların, dostların xeyir-duası ilə Əli subaylığın daşını ataraq 1992-ci ilin dekabır ayının 2-də Rəsmiyyə adlı qızla ailə həyatı qurur. Doğrudur, Əli xoşbəxt idi. Bütün sevdikləri yanındaydı. Amma onu narahat edən səbəblər varıydı.
    Gündən-günə ermənilərin vəhşiliyi artırdı. Nəhayət, ermənilərlə həmsərhəd rayonlarda azərbaycanlılardan ibarət özünümüdafiə dəstələri yaradıldı. Gücü çatan hər kəs vətənin müdafiəsinə qalxdı. Əli həmin vaxt gah kəndin qız-gə-linini atışmanın altından uzaqlaşdırır, gah da yemək hazırlatdırıb döyüşçülərə aparırdı.
    Əli çox götür-qoy etdi. Ürəyini didib-parçalayan fikirləri ailəsinə bildirdi ki, vətənin dar günüdür, mütləq mən də kö-nüllü vuruşanlara qoşulacam. Ata-ana, bacıları çox təkid etdilər: “Şən evin tək oğlusan, gənc ailən, qoca ata-anan var. Getmə, bu qədər adam gözünü sənə dikib”,–dedilər. Lakin Əlini təkidindən döndərmək olmadı.
    1992-cı il mart ayının 1-dən Əli artıq Ağdərə bölgəsi uğrunda gedən döyüşlərdə erməni işğalçılarına qarşı mü-barizə aparırdı. Arabir evə gələndə anası və bacıları çox yalvar-yaxar edirdilər ki, özünü gözləsin.
    Bu dəfəki döyüş Marquşevan kəndinin ermənilərdən azad olması əmri ilə başlanmışdı. Çox ağır əməliyyat idi. İyun ayının 13-də Əli doğma kəndi yaxnlığında çox ağır yaralandı. Onu Bərdə rayon mərkəzi xəstəxanasına çatdırdılar. Orada həkimlərin səyinə baxmayaraq, dörd gündən sonra aldığı yaradan xəstəxanada dünyasını dəyişdi. O, evlərin-dən, ailəsindən, onu sevənlərdən əbədilik ayrıldı. Uğrunda döyüşə can atdığı torpaq əlini əbədilik qoynuna aldı.
    Həyatda qoca ata, ana, doqquz bacı, gənc həyat yoldaşı, bir də heç nə anlamayan altı aylıq oğlu Cavid qaldı. Bu ağır dərdə bir təhər dözərək hamı çalışdı ki, Əlinin yadigarı Cavid yaşasın, böyüsün.
    O gündən illər ötüb. Cavid böyüyüb, ailə qurub, yanğından mühafizə idarəsində işləyir. Bir oğlu olub. Adını Əli qoyublar. Şəhid Əlinin anası nəvəsi Əlinin doğulduğunu görə bilmədi. O, 2016-cı ildə öz haqq dünyasına qovuşdu. Firudun kişi iki müharibə gördü. Birincidən özü sağ-salamat qayıtsa da, ikincidə yeganə oğlu şəhid oldu. Vətən həsrətini də, oğul niskilini də, hətta bu yaşda həyat yoldaşının itkisini də Ulu Tanrı tərəfindən bir qismət kimi qəbul etdi.
    Bu yaxınlarda onun ailəsində məhz oğlu Əlinin anadan olduğu gün – fevralın 1-də bir məclis quruldu. Nəvəsi Əlinin dünyaya gəlməsi münasibəti ilə. Qonaqlarla öz sevinc payını bölüşdü ki, evimdə yeni “Əli”m böyüyür. Bir həyatın hekayəsi burda tamamlanmır, hələ davam edəcək.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 08:40

    Teqlər:

İsmarıclar bağlıdır.